• 28 Yanvar 2023
logo
Azərbaycan-Türkiyə qardaşlığı

Azərbaycan-Türkiyə qardaşlığı

“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Bir millət, iki dövlət” müdrik kəlamlarının təcəssümü

Azərbaycanın Qarabağ Zəfəri 30 illik həsrətə son qoymuş, öz müqəddəs torpağı uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlmiş vətən sevgili şəhidlərimizin, gözləri həsrətlə doğma torpaqlarına baxan vətəndaşımızın arzularının təntənəsidir. Bu zəfəri həzm edə bilməyənlər də var. Amma qələbəmizə özümüz qədər sevinən, 44 günlük savaşda əvvəlindən sonunadək yanımızda olan dostlarımız da çoxdur. Ən birincisi isə qardaş Türkiyədir. Ölkə başçımız, cənab İlham Əliyevin də dəfələrlə dediyi kimi can Türkiyə, onun vətəndaşı və rəhbəri Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan həmişə olduğu kimi bu mücadilədə də hər saniyə yanımızda oldu. Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il 16 iyun tarixində Azərbaycan Respublikasının Milli Məclisində etdiyi çıxışda bir daha bariz şəkildə özünü göstərdi. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında, xüsusən Şuşada baş tutmuş görüşdən, imzalanmış birgə bəyənatdan məmnunluğunu ifadə edən cənab Ərdoğan çıxışı zamanı bildirdi ki, bu Zəfər bütün regiona sülh və sabitlik üçün bir fürsət gətirdi.

Bu Zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərlə Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim oldu.

Bu Zəfər nəticəsində altı ölkəni – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qalxacaqdır. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcəkdir. Əlbəttə ki, davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir;

Qardaş dövlətin başçısı bildirdi ki, Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifini vermək mümkün deyil. Qarabağ, eyni zamanda dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər, beləliklə onlar özləri özlərini saldıqları blokadadan xilas edəcəklər. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaqdır. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar sadalanmaqla bitməz. Bu Zəfər hər kəsin ortaq zəfərinə çeviriləcəkdir.

Rəcəb Tayyub Ərdoğan bildirdi ki, 30 ildən sonra nəhayət ki, işğala son qoya bildik. Geridə qalmış otuz ildə Qarabağda yaşanan böhranlı dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin bu işdən qazancla çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bəllidir. Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər və otuz il köçkün düşən insanlar artıq öz doğma torpaqlarına qayıdacaqdır. İşğal altındakı həmin torpaqlar otuz il sonra yenidən sahiblərinə qovuşacaqdır;

Bu möhtəşəm qələbəni Azərbaycana qazandıran xalq-ordu birliyidir. Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri böyük tarix yazdı.

Bütün tarix boyu Azərbaycan və Türkiyə münasibətlərinin daim zirvədə olduğunu vurğulayan Ərdoğan bildirdi ki bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, bu gün və gələcəkdə də bu iki xalq bərabər olacaqdır.

Nuru Paşanın Qafqaza gəldiyi dövrdə ermənilər 12 mindən çox türkü, müsəlmanı qətlə yetirdiklərini söyləyən Rəcəb Tayyub Ərdoğan daha sonra bildirmişdir ki, Qafqazda tarixin qara səhifələrinə yazılacaq bir qətliam yaşanmışdır. Türk millətinə hər cür iftira atanlar, əvvəlcə, Qafqaza, Azərbaycana baxmalıdırlar. Həm də təkcə yüz il əvvələ deyil, otuz il bundan əvvəl Qarabağda yaşananlara, Xocalıda yaşananlara baxmalıdırlar. Həqiqətləri bilmək istəyənlər işğaldan azad olunmuş ərazilərə gəlib erməni vəhşiliyinin acı nəticələrini öz gözləri ilə görməlidirlər;

Qarabağın kimin Vətəni olduğunu bu torpaqlarda Ermənistanın vəhşi davranışı göstərir. Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz. Mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın.

Şuşanın zəngin tarixindən danışan cənab Ərdoğan Şuşanın Qarabağ xanlığının banisi Pənahəli xan dövründən bəri təbii bir incəsənət akademiyası, musiqinin, ədəbiyyatın, incəsənətin ən yüksək səviyyədə yaşadığı və yaşadıldığı şəhər olduğunu bildirdi. Pənahəli xanın zamanından, xüsusilə şeirləri bu gün də sevilərək oxunan Qarabağ xanının vəziri Molla Pənah Vaqifdən başlayaraq Şuşa ədəbiyyatın mərkəzi olmuşdur. Qartal yuvası kimi qayaların üstündə, səmaya yaxın salındığı üçün Şuşada mədəniyyətin, incəsənətin, ədəbiyyatın ilhamı daim bol olub. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Rəşid Behbudovun və daha neçə-neçə incəsənət xadimlərinin, şairlərin yurdudur. Əhməd bəy Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyə və türk dünyasında da fikirləri ilə söz sahibi olmuş mütəfəkkirlərin yurdu Şuşa bu gün bir daha mədəniyyətlə dirçəlir;

Dost və qardaş ölkənin başçısı onu da bildirdi ki, hər zaman Azərbaycanın yanında olan Türkiyə indi də işğaldan azad olunmuş ərazilərin dirçəlməsində də öz töhfəsini verəcəkdir. Yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurulur və istifadəyə verilir. İnfrastruktur obyektləri tikilir. Türkiyə də bölgədə məktəb, xəstəxana və digər sosial obyektlərin inşasında yaxından iştirak edəcəkdir.

Rəcəb Tayyub Ərdoğanın Milli Məclisdəki bu çıxışı da bir daha göstərdi ki, Azərbaycan – Türkiyə qardaşlığı Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamlarının təcəssümüdür.

Pənah İmanov

Siyasi şərhçi