• 12 Noyabr 2019
logo
add image
“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı beynəlxalq media konfransı keçirilir

“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı beynəlxalq media konfransı keçirilir

Bu gün Bakıda “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı beynəlxalq media konfransı keçirilir.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bugünlərdə türk dünyasının diqqəti Bakıdadır, Azərbaycandan yeni-yeni xəbərlər, mesaj və açıqlamalar gözləyirlər:
“Ən əsası isə türk dünyasının ürəyi Bakıda döyünür. Türkdilli ölkələri təmsil edən dövlət başçıları Bakıdadır və gəlməkdə davam edirlər".
O qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 illik yubileyi Bakıda keçirilir: “Çox sevindirici haldır ki, dövlət başçıları, nazirlərin toplandığı şəhərə media təmsilçiləri də gəliblər. Təkcə Türkiyə və Azərbaycandan yox, haqq və ədalətin yanında olan qlobal jurnalistikanı təmsil edən dəyərli media nümayəndələri də burada iştirak edirlər.
Azərbaycan hökuməti bu toplantı ilə bağlı lazım olan hər şeyi qarşılamağa hazırdır və qarşılayır. Bundan sonra da dəstəkdə davam edəcək. Biz Azərbaycan mediasının həm regional, həm də beynəlxalq əlaqələrinə böyük önəm veririk. Biz media trendlərini özümüzdə qurduğumuz, inkişaf etdirdiyimiz kimi bizə aid olan informasiyaların, həqiqətlərin regionumuz və dünyada yayılmasında, gördüyümüz işlər haqda hər kəsin məlumatlı olmasında maraqlıyıq. Gördüyümüz iş haqq işidir. Biz dövlətimizi heç kimin qarşısında görmürük, əksinə inkişafa, gələcəyə, ədalətə, haqqa gedən istənilən dövlətlə, xalqla, cəmiyyətlə tərəfdaşlıq siyasəti yürüdürük. Ölkəmizdə bunun nümunəsini qurmuşuq. Azərbaycanda xalqlar, ayrı-ayrı din təmsilçiləri və dil daşıyıcıları arasında multikultural cəmiyyət qurmuşuq. Bu, bizim Azərbaycan ideologiyasının təməlində dayanır. Azərbaycan dövlətinin ideologiyası ümumilli lider Heydər Əliyev tərəfindən 1993-cü ildə rəsmi dövlət siyasəti səviyyəsinə qaldırılıb. Çox təəssüflər olsun ki, dünyada haqqın, ədalətin deyil, onun əksinə fəaliyyət göstərən dövlətlər, onların qurduğu rejimlər var və onlar sülhü təhdid edir, terror törədərək xalqların dinc həyatını pozur, onları öz yurd-yuvasından didərgin salır, fəlakətli duruma gətirib çıxarır. Avropada, Orta, Yaxın Şərqdə yaşanan qaçqın fəlakətini biz 20 ildən artıq müddətdir yaşayırıq. Təəssüflər olsun ki, qonşu Ermənistan özünün işğalçılıq siyasətinə əsaslanaraq Azərbaycan torpaqlarının 20 faizindən artığını işğal edib, 1 milyondan artıq əhalini yurd-yuvasından didərgin salıb, bu gün də onlar qaçqın, köçkün vəziyyətində yaşayır. Biz onlar üçün haqq axtarırıq, onların haqqını beynəlxalq aləmdə bütün səviyyələrdə qaldırırıq, onlarla bağlı müvafiq qərarlar qəbul olunur, amma hələ ki dünyada müvafiq olan ikili standartlar siyasəti çərçivəsində bu qərarlar həyata keçirilmir. BMT-nin 4 qətnaməsi işğal altında olan torpaqların qeyd-şərtsiz azad olunması, bu torpaqlardan didərgin salınmış qaçqın və məcburi köçkünlərin öz yurd-yuvasına qayıtmasını tələb etsə də, Ermənistan dövləti və işğalçı rejim hələ də öz havadarlarına söykənərək torpaqlardan geri çəkilmək fikrində deyil və konstruktiv mövqe nümayiş etdirmir. 20 ildən artıqdır ki, danışıqlar gedir, 20 ildir ki, dünyanın bütün beynəlxalq təşkilatları, sülhsevər dövlətləri Azərbaycanın haqq səsinə tərəfdar olduqlarını bəyan edirlər, Dağlıq Qarabağda işğala son verilməsini, Qarabağ və ətraf rayonlardan didərgin salınmış 1 milyondan çox dinc insanın öz yurd-yuvasına qayıtmasını tələb edirlər. Lakin təəssüflər olsun ki, müasir dünyanın ədalətsizlikləri fonunda bu işğalçı siyasət davam edir. Baxın, o böyüklükdə Türkiyənin başına bu gün hansı oyunları açmaq amalı ilə fəaliyyət göstərirlər. 100 il bundan qabaq olmayan bir şeyi “soyqırım törətdiniz” deyə Türkiyəni ittiham edirlər. Lakin türklərə qarşı erməni quldur dəstələri, "Daşnaksütyun" partiyasının dəstəyi ilə yaradılmış ayrı-ayrı hərbi birləşmələr tarix boyu dinc və müharibə şəraitində türklərə və azərbaycanlılara qarşı dəfələrlə soyqırım hadisəsi törədiblər.
1915-ci il ərəfəsində Türkiyənin parçalanması ərəfəsində birinci separatçı hərəkatı başladan bu ölkədə yaşayan ermənilərdən təşkil olunmuş satqın dəstələrin həyata keçirdiyi tədbirlər olub, türk diplomatlarına qarşı terror həyata keçiriblər. dünyada onlarla diplomatı qətlə yetiriblər. Təkcə XX əsrdə 3 dəfə azərbaycanlılara qarşı qanlı soyqırım törədilib.
Soyqırım nəticəsində 100 minə yaxın azərbaycanlı qətlə yetirilib. Dağlıq Qarabağ müharibəsi fonunda 30 mindən çox insan itirmişik, ərazi bütövlüyü uğrunda şəhid vermişik, bunların da hamısının səbəbkarları ermənilərdir”.
Ə.Həsənov həmçinin Azərbaycanın inkişafı məsələsinə toxunub. O qeyd edib ki, Bakıda olan jurnalistlər dünəndən bu inkişafın canlı şahididirlər: “Siz yəqin ki, Azərbaycanın hansı səviyyədən hansına gəldiyini gördünüz. Azərbaycan bu gün bölgə və dünyanın ən inkişaf edən və etməkdə davam edən dövlətidir. Neftdən gələn gəliri insan kapitalı və digər sahələrin inkişafına yönəltmişik, hər şeyi yenidən qurub yaratmışıq, nə görürsünüzsə, hamısı modern vəziyyətdədir. Bunların sırasında Azərbaycan mediası üçün də bu illərdə gözəl imkanlar yaradıldı.1998-ci ildə senzuranı ləğv elədik, bu gün media azad şəkildə inkişaf edir. 10 milyon əhalinin 80 faizi internet, 30 faizi sosial şəbəkə istifadəçisidir.Azərbaycanda internet tam azaddır. Bu da medianın beynəlxalq əlaqələrinə və bu əlaqələrin intensivləşməsinə mühüm şərait yaradır. Dövlətimiz azad mediaya dəstək verir.
“Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” Bakı beynəlxalq media konfransından istifadə edib Türkiyənin və Azərbaycanın problemlərini çatdırmaqla, haqqın yanında olduğumuzu, sülh istədiyimizi dünyaya çatdırmalıyıq. Antitürk və islamafob dairələr, bəzi media qurumları tərəfindən Azərbaycana və Türkiyəyə qarşı ədalətsiz kampaniyalar həyata keçirilməkdədir. Belə kampaniyalara qarşı birlikdə sinə gərməli, mübarizə aparmalıyıq”.
Prezidentin köməkçisi Azərbaycan və Türkiyə mediası, diasporunun birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb: “Tək millətin iki media və diasporu olmamalıdır, onları birləşdirməliyik”.
Tədbirdə çıxış edən “Habertürk” televiziyasının əməkdaşı Bülənt Aydəmir bu gün Türkiyənin mübarizəsinə qarşı təbliğat aparıldığını söyləyib: “15 milyard dollara qədər silah və sursat verdikləri terror təşkilatından Türkiyəyə qarşı istifadə ediblər. PKK istifadə olunan terror təşkilatıdır. Şanlıurfada, Suruçda, Dolmabaxcada, Ankarada öz millətini öldürən terror təşkilatından danışırıq. Türkiyənin Suriyada apardığı əməliyyat təhlükəsizliklə bağlıdır, qəti olaraq hansısa ölkənin ərazisini işğal etmək məqsədi daşımır. Bu gün Türkiyə müdafiə naziri Hulusi Akar deyib ki, 122 km ərazi terrorçulardan təmizlənib. Türkiyə ordusunun bütün ərazini terror təşkilatından təmizləməyə gücü və qüdrəti var. Türkiyəyə imperialist dövlətlərə qarşı bütün ölkələr dəstək verməlidir. Bu baxımdan medianın köməyi də önəmlidir".
Tədbirdə çıxış edən millət vəkili, Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu medianın yumşaq güc olduğunu nəzərə çatdırıb: “İnformasiyaya hakim olan dünyaya hakim olacaq. İnformasiyanı yayan da bizlərik”.
Tədbir panel müzakirələri ilə davam edir.