• 28 Yanvar 2023
logo
“Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu ifadə edir”

“Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu ifadə edir”

Nurlan Qələndərli: “Bəyannamədə bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə əlaqədar aydın strateji niyyət ifadə olunub”

“Dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Heç şübhəsiz, postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, strateji inteqrasiyanın daha intensiv xarakter almasında vacib rola malikdir. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloqun sözlərinə görə, iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə səfər etməsi və Şuşada tarixi bəyannaməyə imza atılması müstəsna siyasi-strateji əhəmiyyətə malikdir. “Bu, ilk növbədə, Vətən müharibəsində ölkəmizə güclü mənəvi-siyasi dəstək göstərən Türkiyə ilə Azərbaycanın sarsılmaz birliyi və həmrəyliyinin ifadə olmaqla yanaşı, iki dövlətin birgə addımlayaraq regionun strateji gələcəyini birlikdə dizayn etdiklərini göstərir. Qars müqaviləsindən yüz il sonra iki ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi dostluq, qardaşlıq və strateji tərəfaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək zirvəyə yüksələrək yeni mərhələyə qədəm qoyduğunu ifadə edir. Bəyannamədə bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə əlaqədar aydın strateji niyyət ifadə olunub. Digər tərəfdən, Türkiyə və Azərbaycanın qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik, qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə əlaqədar qətiyyətli mövqe ortaya qoyulması mühüm əhəmiyyət kəsb edir. Ən əsası, sənəddə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili də nəzərdə tutulub ki, bu da olduqca böyük strateji önəm daşıyır”,-deyən Nurlan Qələndərli əlavə edib ki, yeni mərhələdə də sıx təmaslar və intensiv əlaqələr strateji müttəfiqlik münasibətlərin uğurlu inkişafını, o cümlədən iki ölkənin birgə təşəbbüslər əsasında mühüm nailiyyətlər əldə etməsini şərtləndirəcək”.

Əli Zülfüqaroğlu