Tural İsmayılov: “Biz, Avropanın bir çox inkişaf etmiş ölkələrinin etmədiklərini etdik”
“Azərbaycan dünya səviyyəsində pandemiya ilə mübarizənin ən nümunəvi ölkələrindəndir”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib. O qeyd edib ki, Azərbaycanın örnək ölkə olmağı dəfələrlə vurğulanıb: “Ölkəmiz pandemiyanın ilk günlərindən virusla mübarizədə ən öncül təşkilatlanmanı həyata keçirdi. Ölkə Pezidenti cənab İlham Əliyevin siyasi ustalığı və aldığı qərarlarla təcili müdaxilə ilə modul tipli xəstəxanalar tikildi. Azərbaycan qlobal səviyyədə pandemiya ilə mübarizənin avanqardına çevrildi. Dəfələrlə ÜST rəhbərliyi və BMT səviyyəsində Azərbaycan pandemiya ilə mübarizəsi təqdir olunub. Cənab Prezidentin təşəbbüsü ilə BMT çərçivəsində və Qoşulmama Hərəkatı nəzdində pandemiya ilə mübarizəyə həsr edilmiş tədbirlər keçilib. Dünya ölkələrinin bir çoxunun vaksinə əlçatmazlığı varkən Azərbaycan ilk günlərdən Sinovac vaksinlərini aldı. Həmçinin dünyada anınan digər vaksinlərin də ölkəmizə gətirilməsinə nail olundu. Hazırda ölkəmizdə 4 vaksin var və vətəndaşlarımız hansı vaksini istəsə ondan da istifadə edə bilir”.
Onun sözlərinə görə, dövlətin qayğısı, düşünülmüş siyasət nəticəsində Koronavirusa yoluxmalarda ciddi enmələr müşahidə olunur və bəzi günlərdə bu virusdan ölən də qeydə alınmır: “Biz, Avropanın bir çox inkişaf etmiş ölkələrinin etmədiklərini etdik. Vaxtında dövlət olaraq bu istiqamətdə lazımi addımlar atdıq. Təssüflər olsun ki, karantin rejimi yumşaldıldıqdan sonra müəyyən məsuliyyətsizliklər səbəbindən yoluxma ilə bağlı rəqəmlərdə müəyyən artımlar qeydə alınmağa başladı. Həmin dövrdə Ümumdünya Səhiyyə Təşkilatı iki dəfə Azərbaycanın pandemiya ilə mübarizədə atdığı addımların dünyaya örnək olduğunu vurğuladı. Daha sonra ölkə başçısının birbaşa təşəbbüsü ilə həm Türk Şurasının, həm də Qoşulmama Hərəkatının pandemiyaya qarşı birgə effektiv üsullarla müzakirəsi üçün toplantısı keçirildi. Bu toplantılarda da Azərbaycanın atdığı örək addımlardan geniş şəkildə bəhs edildi. 130-dan artıq ölkənin bu iclasın keçirilməsi ilə bağlı verdiyi razılıq həm ölkəmizin qlobal gücünün, həm də Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizənin dünyanın bir çox ölkələri tərəfindən qəbul olunmasının bariz nümunəsidir. Düşünürəm ki, 130 ölkənin razılıq verdiyi BMT Baş Assambleyasının iclasının keçirilməsi COVİD-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın dünya üçün qlobal əhəmiyyətini ortaya qoydu”.
Əli Zülfüqaroğlu