• 29 Yanvar 2023
logo
“Ərdoğanın Azərbaycana səfəri münasibətlərin dərinləşməsinə xidmət edəcək”

“Ərdoğanın Azərbaycana səfəri münasibətlərin dərinləşməsinə xidmət edəcək”

Nəsib Məhəməliyev: “Türkiyə ilə əməkdaşlıq daha da genişlənməlidir”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşanı ziyarət etməsi olduqca əhəmiyyətlidir”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Onun fikrincə, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və gələcəkdə Türk dünyasının da mədəniyyət paytaxtı elan olunacağı şübhəsizdir: “Məlumdur ki, 44 günlük müharibədən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz regionda yeni reallıqlar yaradıb. Təbii olaraq yeni situasiyanı, ölkəmizin parlaq qələbəsini, əsasən də Ermənistanın biabırçı məğlubiyətini həzm etmək istəməyən qüvvələr yox deyil. Digər tərəfdən Cənub Qafqazda öz geosiyasi maraqlarını təmin etmək üçün, regionu daim gərginlikdə saxlamağa çalışan dünya güclərini də istisna etmək olmaz. Konkret desək, bölgəmiz maraqların toqquşduğu məkandır”.
Millət vəkili əlavə edib ki, Ermənistanda seçkiqabağı gızğın mübarizə davam edir: “Hakimiyyətə gəlmək istəyən qüvvələrin tam əksəriyyəti yeni müharibə, revanş çağırışları səsləndirirlər. Dağılmış ordularının bərpası üçün onlara yaxından yardım edən militarist qüvvələr, Azərbaycanın güclənməsində özləri üçün təhlükə görürlər. Ölkəmizin hər bir zaman qonşuluq münasibətlərinə sadiq olmasına baxmayaraq, təəssüflə qeyd etmək istəyirəm ki, üzdə özlərini dost kimi qələmə verən bəzi qonşularımız düşmən ordusunun bərpa olunmasında əllərundən gələni edirlər. Ələlxüsus, İranın apardığı siyasət acı təəssüf doğurur.
Belə bir vəziyyətdə dünya siyasətində öz sözünü demiş, hər zaman Azərbaycana hər tərəfli dəstək vermiş Türkiyə kimi güclü dövlətin ölkəmizin yanında olması labüddür. Türkiyə-Azərbaycan münasibətləri tarixin sınaqlarından üzüağ çıxmış qardaşlığa söykənir. Düşünürəm ki, Türkiyənin Qarabağ bölgəsində mövcudluğu, regionun təhlükəsizliyi baxımından olduqca vacibdir. Türkiyə ilə əməkdaşlıq daha da genişlənməlidir. Hörmətli Ərdoğanın Azərbaycana səfəri məhz ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə xidmət edəcək”.

Əli Zülfüqaroğlu