• 19 Mart 2024
logo
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli şərqşünas alim Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
Nekroloqda deyilir:
"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev 2019-cu il oktyabrın 13-də ömrünün 78-ci ilində vəfat etmişdir.
Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsil almış, 1964-cü ildə universitetin əyani aspiranturasına daxil olmuş və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirmişdir.
Əmək fəaliyyətinə 1968-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində başlayan Vasim Məmmədəliyev 1981–1991-ci illərdə burada şərqşünaslıq fakültəsinin dekanı, 1991–1992-ci illərdə universitetin humanitar fakültələr üzrə prorektoru, 1993–2018-ci illərdə ilahiyyat fakültəsinin dekanı vəzifələrində çalışmış, 1991-ci ildən ömrünün sonunadək ərəb filologiyası kafedrasına rəhbərlik etmişdir.
Vasim Məmmədəliyev 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş və 1979-cu ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Vasim Məmmədəliyev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elmi və təhsilinə dəyərli töhfələr vermişdir. Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri vardır. Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilmişdir. Yeni mülahizələrlə zəngin həmin araşdırmalarında alim, eyni zamanda, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu xüsusi vurğulamışdır.
Geniş erudisiyalı alim Vasim Məmmədəliyev, həmçinin Şərq filologiyası və poeziyasının, İslam tarixi və fəlsəfəsinin ayrı-ayrı sahələrinə dair əsərlərin müəllifi kimi tanınmışdır. “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biri olaraq onun ölkəmizdə ilahiyyatın və islamşünaslığın yenidən dirçəlməsində özünəməxsus xidmətləri vardır.
Vasim Məmmədəliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar surətdə uzlaşdırmış, yarım əsrlik bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf etmişdir. Keçmiş Sovetlər Birliyində Azərbaycanın ərəbşünaslığın ən qabaqcıl mərkəzlərindən birinə çevrilməsində mühüm əməyi olan alimin bu çoxsaylı yetirmələri Azərbaycanda və onun hüdudlarından kənarda ölkəmizi daim uğurla təmsil etmişlər.
Vasim Məmmədəliyevin elmi axtarışlarının nəticələri 30-dan artıq kitabda və 600-ə yaxın elmi, publisistik məqalədə əksini tapmışdır. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Alimin dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları elmi dairələr tərəfindən rəğbətlə qarşılanmışdır. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilmişdir.
Akademik Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, elmin və təhsilin inkişafında xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüşdür.
Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəli oğlu Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Nekroloqu həmçinin Əli Əsədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Eldar Əzizov, Fərəh Əliyeva, Ceyhun Bayramov, Akif Əlizadə, İsa Həbibbəyli, Nizami Cəfərov, Gövhər Baxşəliyeva, Teymur Kərimli və Elçin Babayev də imzalayıblar.