Türk Şurası ölkələrinin Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin görüşünün yekununda təşkilatın tam fəaliyyətini təmin edəcək sənədlər imzalanıb.
Bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında deyib.
O bildirib ki, iclasın əhəmiyyəti Özbəkistanın təşkilata üzvlüyündə ifadə olunub.
Nazir müavininin sözlərinə görə, bu cür görüşlər təşkilat çərçivəsində əməkdaşlığın daha da güclənməsinə xidmət edir.
O əlavə edib ki, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi vacib məsələdir:
“Türk Şurasının Macarıstanda nümayəndəliyinin açılması mühüm hadisədir. Ümid edirəm ki, bu, Türk Şurası ilə Avropa İttifaqı arasında əlaqələrin möhkəmlənməsi üçün imkanlar açacaq”.
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.
Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.
Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.