• 19 Mart 2024
logo
Prezident İlham Əliyev: Azərbaycan-Qazaxıstan münasibətləri zamanın sınağından çıxıb

Prezident İlham Əliyev: Azərbaycan-Qazaxıstan münasibətləri zamanın sınağından çıxıb

Azərbaycan-Qazaxıstan münasibətləri zamanın sınağından çıxıb.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: "Sizi Azərbaycanda salamlamağa şadam. Sizə ölkəmizdə uğurlu iş arzulayıram. Əminəm ki, münasibətlərimizin daha da irəliləməsi və inkişafı üçün maksimum səy göstərəcəksiniz. Bildiyiniz kimi, ölkələrimiz arasında münasibətlər çox müsbət istiqamətdə inkişaf edir.
Azərbaycan ilə Qazaxıstan arasında müasir münasibətlərin əsası ölkələrimizin böyük liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulub. Hələ sovet dönəmində onların şəxsi dostluğu və müstəqillik illərində bir-birini qarşılıqlı dəstəkləməsi bizim münasibətlərin təməli olub və bu münasibətlər strateji səviyyəyə çatıb. Son 16 ildə Nursultan Abişeviçlə biz münasibətlərimizi daha da irəlilətmişik, dövlət başçıları səviyyəsində bir neçə səfər olub. Yadımdadır, 2004-cü ildə yeni seçilmiş Prezident kimi mənim ilk rəsmi səfərlərimdən biri, daha dəqiq desəm, sayca üçüncü rəsmi səfərim Qazaxıstana oldu. Bu, bizim münasibətlərin xarakterini vurğulayırdı. Oktyabr ayı yüksək səviyyədə görüşlər baxımından çox məhsuldar olub. Bu ay ərzində mən Prezident Tokayevlə iki dəfə - “Valday” forumunda və MDB sammitində görüşmüşəm. Bu baxımdan bizim ilk əlaqələrimiz də çox ümidvericidir. Prezident Tokayevlə bir-birimizi çoxdan tanıyırıq və həm Azərbaycanda, həm də Qazaxıstanda müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşük. Bu gün biz çox şadıq ki, Nursultan Abişeviç Nazarbayev bizə səfərə gələcək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında bu mühüm təşkilatın rəhbəri kimi iştirak edəcək.
Bizim münasibətlərimiz zamanın sınağından çıxıb, həyatın demək olar ki, bütün sahələrini – iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələri əhatə edir. Buna görə də əminəm ki, münasibətlərimizin inkişaf perspektivləri çox müsbət olacaq. Biz bundan sonra da beynəlxalq arenada bir-birimizi dəstəkləyəcək, ikitərəfli formatda müştərək layihələri həyata keçirəcəyik. Əlbəttə ki, Azərbaycanda işiniz çox olacaq. Münasibətlərimizin gündəliyi yetərincə zəngindir. Buna görə də sizə uğurlar arzu edirəm. Əminəm ki, Azərbaycanda özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Bir daha xoş gəlmisiniz".