• 24 Aprel 2024
logo
“Hiss olunur ki, məqsəd daha az insana əlillik təyin etməkdir”

“Hiss olunur ki, məqsəd daha az insana əlillik təyin etməkdir”

Qüdrət Həsənquliyev: “Əslində məqsəd o olmalıdır ki, həqiqətən də köməyə ehtiyacı olan insanlara pensiyalar təyin olunsun”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi bu xalqa ürəyi yanan, acıyan milli kadrlarla gücləndirilməlidir

Qanun layihəsi ilə bağlı arayış verilməli, maliyyə əsaslandırması olmalı idi. “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununa görə, bu kimi qanunlarla bağlı ekspert rəyləri təqdim olunmalıydı. Ən azı 2 müstəqil ekspert rəyi olmalı idi”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili deyib: “Hörmətli Musa Quliyev öz çıxışında demədi ki, əvvəllər bizdə vəziyyət necə olub. Yəni 1, 2 və 3-cü qrup əlillik qrupu verilməsi üçün şəxs əmək qabiliyyətini neçə faiz itirməli idi və indi vəziyyət necədir? Yəni mənə elə gəlir ki, vəziyyət dəyişikliyinin geniş izahı verilməlidir və xalq da bunu bilməlidir. Siyavuş Novruzov qeyd elədi ki, biz bu qanunu qəbul etsək 200 min insan əlillik dərəcəsini itirəcək. Əslində vətəndaşın vəziyyətini ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur. Əhaliyə bu barədə də deyilməlidir ki, əgər həqiqətən belədirsə, hazırda əlillik təyin edilmiş şəxslər buna görə narahat olmasınlar. Bundan başqa, orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin olunması” ilə bağlı məqama da doqqət çəkmək istəyirəm. Bu doğru deyil. Orqanizmin funksiyalarının pozulması əmək qabiliyyətinin itirilməsinə gətirib çıxarır. Ona görə biz, həmin şəxslərə pensiya veririk. Bu fiziki və psixi ola bilər. Biz bilirik ki, hansısa bir rəssam, yaxud pianoçu barmağını ititirisə bu onun üçün əmək qabiliyyətinin tamamilə itirilməsinə gətirib çıxarır. Tarzən barmağını itirirsə necə tar çala bilər? O halda biz belə şəxslərə birinci qrup əlillik verməliyik. Amma tutaq ki, bir professor, yaxud deputat bir barmağını itirirsə bu əmək fəaliyyətinə ümumiyyətlə təsir göstərmir. Əgər cinayətkar hər hansı bir şəxsə xəsarət yetirirsə, həmin xəsarət nəticəsində şəxs barmağını itirirsə bu ağır bədən xəsarəti sayılmır. Amma qeyd elədiyim kimi rəssam, pianoçu, tarzən barmağını itirirsə bu ağır bədən xəsarəti sayılır. Ona görə ki, o həmin xəsarət nəticəsində əmək qabiliyyətini itirir. Ona görə də qanunda yazılmalıdır ki, əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq əlillik təyin olunur. Yəni bu, prinsipial bir məsələdir. Həm də bunun maliyyə əsaslandırılması olmalıdır ki, hökumət bu qaydaları tətbiq etməklə nə qədər vəsaitə qənaət etmək istəyir? Bu barədə bizə məlumat verilsəydi, doğru olardı. Uzun illər təcrübəsi olan deputat həmkarlarım xatırlayır, mən vaxtilə məsələ qaldırırdım ki, Müdafiə Nazirliyinin rəhbərliyi milli kadrlarla gücləndirilməlidir. Eyni sözü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında da deyirəm ki, həqiqətən də bu xalqa ürəyi yanan, acıyan milli kadrlarla bu nazirliyin rəhbərliyi gücləndirilməlidir”.

Millət vəkilinin sözlərinə görə, hiss olunur ki, burada məqsəd maksimum çalışıb daha az insana sosial ünvanlı sosial yardım vermək, daha az insana əlillik təyin etməkdir: “Hədəf açıq-aydın seçilir ki, məqsəd sanki vəsaitlərə qənaət etməkdir. Mən əvvəllər də söyləmişəm, nazirliyin məqsədi bu olmamalıdır. Əslində məqsəd o olmalıdır ki, həqiqətən də köməyə ehtiyacı olan insanlara pensiyalar təyin olunsun, yardım edilsin və.s. Əgər kimsə həqiqətən qanunsuz əlillik dərəcəsi alıbsa, o zaman qanunsuz əlilliyi təyin edən şəxslərin hamısı cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu sənədlər çoxdan Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməliydi. Onların hər biri haqqında cinayət işi açılmalı və o şəxslər cəzalandırılmalıydılar. Bundan başqa, hörmətli Zahid Oruc bir məsələyə toxundu. Mən qanun layihəsi ilə tanış olanda beynəlxalq təcrübəni öyrəndim və gördüm ki, Avropa İttifaqında orta hesabla hər 100 nəfərə 10 nəfər əlil düşür. Azərbaycanda bu rəqəm az qala 2 dəfə azdır. Nədən narahatıq? Özü də 2 dəfə müharibən keçmiş ölkəyik. Ona görə də hesab edirəm ki, yanaşma tərzi dəyişməlidir. Yəqin ki, ikinci oxunuşda bəzi məsələlərə əlavə diqqət yetirəcəyəm”.

Əli Zülfüqaroğlu