• 5 Fevral 2023
logo
Azərbaycan erməni cinayətkarlara da normal münasibət göstərir, amma onlar bizə rəhm etməmişdi - Erməni əsirliyində olan Həbib Kazımov

Azərbaycan erməni cinayətkarlara da normal münasibət göstərir, amma onlar bizə rəhm etməmişdi - Erməni əsirliyində olan Həbib Kazımov

1993-cü ildə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə kəllə-beyin travması almışam və əsir götürülmüşəm.

Bunu Trend-ə açıqlamasında erməni əsirliyində olarkən işgəncələrə məruz qalan Həbib Kazımov deyib.

O bildirib ki, ermənilər onu Şuşa həbsxanasına aparıb, orada ağır işgəncələrə məruz qalıb: “Həbsxananın həyətinə daxil olan kimi məni vəhşicəsinə döydülər və işgəncələr verdilər. Armatur və digər dəmir parçaları ilə döyülmüşəm. Orada bəzi azərbaycanlı əsirlər işgəncələrə tab gətirməyib intihar etdi.

Bu gün Azərbaycanda məhkəməsi keçirilən hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri Lyoxa, biri Ayoşa ləqəbi daşıyırdı. Mkrıtıçyan Lüdvik “Lyoxa” idi. O burada deyir ki, Azərbaycan dilini bilmir. Lakin orada bizimlə Azərbaycan dilində danışırdı. Bizi təhqir belə edirdi. O vaxt onlar özlərini elə aparırdılar ki, sanki məşhur terrorçudurlar. Kürəyimdə dəmir parçaları sındırırdılar, indi isə guya bizi tanımırlar. Onlar insana yaraşmayan, insanlığa layiq olmayan hərəkətlər edirdilər. Əsirlikdə qaldığım müddətdə yalnız ağır işgəncələr görmüşəm. Məni digərlərindən daha çox incidirdilər. Səbəb isə sumqayıtlı olmağım idi. Onlar Sumqayıt hadisələrinə görə məni daha çox döyür, işgəncə verirdilər. Məni Allah saxladı ki, ölmədim, öldürmədilər”.

Zərərçəkmiş Həbib Kazımov deyib ki, əsirlikdə olarkən bir dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı ona baş çəkib: “Məni dəhşətli dərəcədə döymüşdülər, dedilər ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bizə baş çəkmək istəyir. Ona görə də məni apardılar uşaq xəstəxanasına. Bizə baş çəkən nümayəndənin tərcüməçisi erməni idi. Bizə demişdilər ki, onsuz da əsirlərə işgəncə verən adamın adını çəksək, o, tərcümə etməyəcək. Ona görə də orada şikayət ertməyin mənası yox idi. Komitə üzvü gedəndən sonra yenidən bizə işgəncə verirdilər”.