• 14 Oktyabr 2019
logo
add image
Dövlətə, dövlətçiliyə müxalifətdə olanların sonu hər zaman uğursuzluq və məğlubiyyətdir

Dövlətə, dövlətçiliyə müxalifətdə olanların sonu hər zaman uğursuzluq və məğlubiyyətdir

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində SSRİ adlı imperiyanın əsarətindən çıxmağa, azadlığa, müstəqilliyə qovuşmağa can atan xalqla o zamankı respublika rəhbərliyi arasındakı uçurumdan, eləcə də xalqın inamından sui-istifadə edərək hakimiyyətə gələn bəzi qüvvələrin çox az bir vaxtda Azərbaycanı idarə etmək iqtidarında olmadıqları bütün dünyaya bəlli oldu. Onların bacarıqsızlığı bütün sahələrdə özünü göstərdi. Pərakəndə şəkildə fəaaliyyət göstərən hərbi qüvvələrimiz erməni ordusu qarşısında geri çəkilirdi, ölkə iqtisadiyyatı iflic vəziyyətində idi, ölkəmizin beynəlxalq aləmdə nüfuzu yerlə bir idi, Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək, yox olmaq qorxusu ilə üzləşmişdi, son hədd isə məlum iyun hadisələri zamanı qardaş qanının axıdılması oldu.

Qədirbilən və uzaqgörən xalqımızın öncül ziyalıları hələ 1991-ci ildə xalqımızın dahi oğlu Heydər Əliyevə müraciət imzaladılar. Xalqın səsinə səs verən dahi rəhbərimizin xeyir-duası ilə xalqın nicat yolu olacaq Yeni Azərbaycan Partiyası yaradıldı. 1993-cü ildə xalqın təkidli tələbi və xahişilə, eyni zamanda o vaxtkı iqtidarın da xahişilə Bakıya gələn, həyatını təhlükə altında qoyaraq vətəndaş qarşıdurmasının qarşısını alan, xalqın yekdilliklə Prezident seçdiyi Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz inkişaf, xalqımız rifah yoluna qədəm qoydu. Bu gün bu siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan inkişaf etmiş, demokratik, düünya birliyi tərəfindən bərabərhüquqlu tərəfdaş ölkə kimi qəbul edilən bir dövlətə çevrilib.

Ölkə başçımızın bütün çıxışlarında qeyd etdiyi kimi Azərbaycan dövlətinin rəhbərliyinin yürütdüüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları durur. Xalqımızın rifah halının, yaşayış tərzinin yaxşılaşması, gəlirlərinin artması, iş yerləri ilə təmin olunması ilə bağlı görülən işlər xalqın gözü önündədir. Təkcə uğurla həyata keçirilən iki sosial paket ümumilikdə milyonlarla vətəndaşı əhatə etdi. Minimum əmək haqqı, minimum pensiyaların məbləği artırıldı. Təkcə paytaxt Bakıda deyil, bölgələrdə də yerinə yetirilən infrastruktur layihələr nəticəsində rayonlarmızın da siması dəyişir, müasirləşir.

Cənab Prezidentin yürütdüyü balanslaşdırılmış xarici siyasəti də uğurlu nəticələrini verir. Ölkəmizin beynəlxalq aləmdə günü-gündən artan nüfuzu buna sübutdur. Dövlətimzin başçısı cənab İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri zamanı «Valday» Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı Ermənistana və onun havadarlarına Azərbaycan dövlətinin, onun liderinin və xalqının qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.

Müstəqil Azərbaycan heç bir dövlətin, beynəlxalq təşkilatın diktəsi ilə hərəkət etmir. Azərbaycan regionun lider dövləti olaraq bölgədəki proseslərdə aparıcı rol oynayır. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir.

Təbii ki, müstəqil Azərbaycanın sadaladığımız bütün bu uğurları dostlarımızı sevindirdiyi kimi daxili və xarici bədxahları ciddi narahat etməyə bilməz. Özünü müxalifət adlandıran, xarici havadarlarından aldıqları maddiyat qarşısında onların verdikləri tapşırıqları yerinə yetirməyə çalışanlar xalq tərəfindən dəstək almadıqlarını yaxşı anlayırlar. Ona görə də sosial şəbəkələr üzərindən saxtakarcasına cəmiyyətdə qarışıqlıq yaratmağa çalışırlar və ya müxttəlif yalançı vədlərlə 40-50 adamı bir yerə toplayaraq piket və ya mitinq keçirməyə çalışırlar. Təbii ki, istəklərinə çatmayanda, xalq tərəfindən dəstək almayanda da min bir bəhanə axtarırlar. Dövlət tərəfindən aksiyalar üçün ayrılmış yerləri isə həmin bəhanələrin əsasını təşkil edir. El məsəli var, deyir oynaya bilməyənə yer dar gəlir.

Oktyabr ayının 8-də keçirdikləri növbəti aksiya da bir daha sübut etdi ki, özünü müxalifət adlandıran qüvvələrin cəmiyyətdə heç bir sosial dayağı yoxdur. Xalq iqtidarı dəstəkləyir, Prezidentin ətrafında sıx birləşib.

Əslində Əli Kərimli də, onun kimilər də bunu çox yaxşı başa düşürlər. Sosial şəbəkələr üzərindən müraciətlərini yayan Ə.Kərimli artıq ümidini “kənardan – səkilərdən izləmək üçün” yığılacaq tamaşaçılara bağlayıb. Deməli, Ə.Kərimli özü də qəbul edir ki, şou göstərir, tamaşaçı toplamağa çalışır. Bu faktın özü də iqtidara deyil, dövlətə, dövlətçiliyə müxalifətdə olan, bəzi xarici bədxahların əlində oyuncağa çevrilən qüvvələrin sonu deməkdir. Sonuncu piket zamanı bir məqam da hər kəsin diqqətini çəkib – piketin keçiriləcəyini günlərlə bar-bar bağıran “müxalifət liderləri” nədənsə piket zamanı gözə dəymirdilər. Liderlər öndə gedirlər, arxada-bucaqda gizlənmirlər. Əslində bu da gözlənilməz deyildi. Çünki əvvəldən müxtəlif avantürist çağırışlar edən belə “liderlər” hər zaman camaatı aldatmağa çalışır. Onların əsl məqsəd və məramları isə ölkədə hərc-mərclik yaratmaqdır. Amma unudurlar ki, Azərbaycan artıq qüdrətli bir dövlətdir və onun xalq tərəfindən dəstəklənən İlham Əliyev kimi sərkərdəsi var. Ulu öndər Heydər Əliyevin dediyi ki, Azərbaycan durduqca Heydər Əliyev siyasti də yaşayacaq, xalqımızı xoş gələcəyə aparacaq, Azərbaycan isə əbədi var olacaq.

Mehdi Balabəyov
Şabran rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
YAP Şabran rayon təşkilatının sədri