• 7 Dekabr 2021
logo
“Vətəndaşları bu qədər incitməyin nə mənası var?”

“Vətəndaşları bu qədər incitməyin nə mənası var?”

Qüdrət Həsənquliyev: “Dövlət qulluqçusunun 3 dəfə imtahan verməsinə ehtiyac yoxdur”

“Vaxtilə cənab Prezident tərəfindən sərəncam imzalandı ki, cəza siyasəti humanistləşdirilsin. Həqiqətən də bundan sonra bizim həm cəza, həm də inzibati tənbeh tədbirləri vətəndaşlarımızın maraqları naminə xeyli dərəcədə yüngülləşdirildi”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.
Millət vəkili “hesab edirəm ki, digər qanunlarımızın da humanistləşdirilməsinə ehtiyac var”, - deyə əlavə edib: “O cümlədən, cənab Prezidentin hansısa bir fərman imzalamasına, müvafiq dövlət orqanlarına göstəriş verməsinə. Bunu niyə görə söyləyirəm? Dövlət qulluqçusunun 3 dəfə imtahan verib sertifikat almasına nə ehtiyac var? Yəni bir dəfə imtahan verir, sonra müsahibə verir və ondan sonra təyinat alır. Bu müsahibədə iştirak edən keçmiş həmkarlarımızın biri ilə söhbət elədim ki, müsahibəyə nə ehtiyac var? Müsahibədə siz testdə nəzərdə tutulmayan xüsusi hansı sualları verirsiniz? Ümumiyyətlə həmin sualları testə daxil etmək olar ya yox? Bir az fikirləşəndən sonra cavab verdi ki, dövlət həyatı ilə bağlı və s. suallar veririk. Dedm ki, bu sualları testə daxil etmək olar? Cavab verdi ki, olar. Dedim ki, o zaman bunu ayrıca mərhələ kimi niyə yazırsınız? Niyə hər dəfə insanları imtahana çağırıb bu formada incidirsiz. Necə ki, ali məktəbə daxil olanda test imtahanı verir, bu qaydada da kim daha çox bal toplayıbsa, neçə vakansiya yeri varsa ora təyin olunsun. Mən indi üzümü birinci dəfə seçilmiş təcrübə baxımdan gənc deputatlara tuturam. Onlar da etiraf edərlər ki, bir il bundan qabaqkı təcrübəyə malik deyillər. Özlərini daha çox inamlı hiss edirlər, daha çox təcrübə toplayıblar. Belə olduğu halda, 5 il ərzində qanunvericiliyi tətbiq eləmiş dövlət məmuru 5 ildən sonra necə ola bilər ki, imtahana çağırılır və bu dəfə imtahandan keçə bilməyərək kənarda qalır? Gənc, ilk dəfə imtahan verən bir adam gəlir və onun yerinə seçilir. Bunu mən ona görə söyləyirəm ki, bu qanunun humanistləşdirilməsinə çox böyük ehtiyac var. Mən qanuna səs verəcəyəm. Amma çox istəyirəm ki, müvafiq dövlət orqanları ilə danışaq. O vətəndaşlar bizim vətəndaşlarımızdır, onları bu qədər incitməyin nə mənası var? Yəni bunun normal qaydasını tapmalıyıq və tapmışıq da. Testlə imtahan verirlər və daxil olurlar, bununla məsələ bitməlidir. Yəni vəzəifəsini layiqincə yerinə yetirməyəcəksə, əmək qanunvericiliyində müvafiq müddəalar var ki, həmin müddəalara görə, o vəzifəsindən də kənarlaşdırıla bilər, aşağı vəzifəyə keçirilə bilər və s. Ona görə də mən fürsətdən istifadə edib, bu məsələni növbəti dəfə həm ölkə rəhbərliyinin, həm də parlament rəhbərliyinin diqqətinə çatdırmaq istəyirəm ki, müvafiq icra orqanı ilə bu məsələ istiqamətində fikir mübadiləsi aparılsın”.

Əli Zülüfqaroğlu