• 7 Oktyabr 2022
logo
Prezident İlham Əliyevin yeni informasiya strategiyası

Prezident İlham Əliyevin yeni informasiya strategiyası

Azərbaycanda həyata keçrilən islahatların tərkib hissəsi kimi, 2020-ci ilin ilk günlərindən başlayaraq, ölkəmizin informasiya siyasətində köklü dəyişikliklərin baş verdiyi nəzərə çapmağa başladı. Zaman keçdikcə bu prosesin konseptual əsaslara söykəndiyi və vahid strategiya əsasında həyata keçirildiyi, qlobal informasiya məkanının dəyişən temporitminə uyğun, çevik və dinamik bir şəkildə inkişaf etdiyi özünü daha qabarıq şəkildə büruzə verdi. Azərbaycan dövləti daxili və xarici siyasətinin mahiyyətinə, eləcədə çağdaş reallıqlara uyğun olaraq, informasiya siyasətində də çoxgedişli hücum taktikasını inkişaf etdirməklə, ənənəvi streotipləri qırmağı bacardı. Qısa bir zaman ərzində Prezident İlham Əliyevin informasiya strategiyasının nə qədər mühüm və hətta həyati əhəmiyyət kəsb etdiyi COVİD-19 pandemiyasına qarşı mübarizənin ilk mərhələsində və təbii ki, Vətən müharibəsinin aparıldığı günlərdə öz təsdiqini tapdı. Azərbaycan Prezidenti Ali Baş Komandan kimi döyüş əməliyyatlarına rəhbərlik etməklə yanaşı, qlobal informasiya məkanında ölkəmizə edilən hücumların qarşısının alınması, milli maraqlarımızın müdafiə olunması müstəvisində də, hələ uzun illər tətqiq ediləcək və heç zaman unudulmayacaq liderlik nümayiş etdirdi, informasiya məkanında mübarizənin özünəməxsus nümunəsini yaratdı.
Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə, yalnız informasiya sahəsində ölkəmizin maraqlarının qorunması istiqamətindəki fəaliyyətini göz önündən keçirsək, bütün bunların 44 günlük bir zaman çərçivəsinə sığışdırılması imkansız görünür: Dünyanın 26 aparıcı mediasına (18 TV, 5 agentlik və 3 qəzet) müsahibə, çoxsaylı çıxışlar, bəyanatlar, ən kəskin sualların qarşısında nümayiş etdirilən təmkin və qətiyyət, Ermənistanın, erməni lobbisinin və onlardan öz maraqları üçün istifadə edənlərin uzun illərdən bəri körüklədikləri yalan və böhtanların, daşlaşmış streotiplərin tutarlı faktlarla, dəmir məntiqlə darmadağın edilməsi döyüş meydanındakı Zəfər yürüşünün informasiya məkanında inikası və təntənəsi idi.
2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında Prezident İlham Əliyevin 4 saat ərzində 35 media qurumunun 50-dək sualına cavablarını, düşünürəm hər kəs yaxşı xatırlayır. Həmin tarixdən 3 ay keçməsinə baxmayaraq, dövlətimizin başçısının nümayiş etdirdiyi yüksək intellek, geniş dünyagörüşü, obyektiv və əsaslandırılmış baxış bucağı, regiondakı və dünyadakı reallıqların olduğu kimi, həm də cəsarətli bir şəkildə, 4 dildə ifadə olunması bu gün də peşəkar mütəxəssislər, həmçinin dünyanın müxtəlif ölkələrini, xalqların təmsil edən sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə olunmaqdadır.

Bu xüsusda dövlətimizin başçısının bu il aprelin 13-də, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən dəyirmi masada iştirakını xatırlamağın vacib olduğunu düşünürəm.
Prezident İlham Əliyev dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələri, o cümlədən ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayzə, ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldz, İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, Böyük Britaniyanın LINKS təşkilatının direktoru Dennis Summut, Rumıniyanın Münaqişələrin qarşısının alınması və erkən xəbərdarlıq mərkəzindən doktor Yulian Çifu, İsrailin Hayfa Universitetinin professoru Brenda Şaffer, Belçikanın Avropa Siyasəti Mərkəzindən Amanda Pol, İsrailin Təl-Əviv Universitetindən Stivn Klayn, Türkiyənin İstanbul Altınbaş Universitetinin rektoru, Türkiyə Təhlükəsizlik və Xarici Siyasət Məsələləri üzrə Prezident Şurasının üzvü Çağrı Arhan kimi təcrübəli və nüfuzlu şəxslər şəxslər iştirak edirdilər. Onların və digərlinin çoxsaylı suallarının Azərbaycan Prezidenti tərəfindən ətraflı şəkildə cavablandırılması və hər bir sualın cavabında ölkəmizin milli maraqlarının zərgər dəqiqliyi ilə vurğulanması, İlham Əliyevin timsalında xalqının yüksək intellektual potensialının ifadəsi kimi dəyərləndirilməlidir.
Dövlətimizin başçısının mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı, videoformatda keçirilən müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlarla müzakirələrdə iştirakı və çoxsaylı suallara ətraflı cavab verməsi də bu prosesin, yəni Azərbaycan Prezidentinin yeni informasiya strategiyasının tərkib hissəsi olmaqla yanaşı, gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlərin, görüləcək işlərin miqyasının müəyyənləşdirilməsinə də imkan yaradır.
Bu bağlamda bir məqama diqqət çəkmək istəyirəm. Məsələn, Prezident İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi Deyvid Merkelin Asiyanı Avropa ilə birləşdirmək üçün logistik dəstək və Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilıə bağlı sualının cavabında ölkəmizin iştirak etdiyi bütün layihələrə qarşılıqlı faydalılıq prinsipi müstəvisindən yanaşdığını və məqsədin rəqabət deyil, əməkdaşlıq olduğunu çox incə detallarla diqqətə çatdırdı.
Sitat: “Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bizim Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantımız var. Bu önəmli layihənin bir hissəsi olmaq üçün biz öz infrastrukturumuzu, o cümlədən dəniz limanını, Xəzər hövzəsində ən böyük gəmi parkını və dəmir yolu imkanlarını təmin edirik. Beləliklə, biz bu layihəyə maliyyə və siyasi cəhətdən investisiya yatırmışıq. Ümid edirəm ki, bu iki mühüm sahə - enerji təhlükəsizliyi və nəqliyyat təhlükəsizliyi nəinki təkcə Azərbaycanın gələcək iqtisadi inkişafı üçün önəmli rol oynayacaq, - çünki bu, əlavə gəlirlərin yaranmasına səbəb olacaq, - həm də regional sabitliyə ciddi şəkildə töhfə verəcək. Çünki ölkələr bir-birindən asılı olur, ölkələr bir gəmidə olduğu üçün bir komandanın üzvü olur”. Cənab Prezidentin iqtibas gətirdiyim sonuncu cümləsi, qənaətimə görə, ölkəmizin baxış bucağı açıq şəkildə ifadə edir: Azərbaycan öz təşəbbüsü və iştirakı ilə gerçəkləşdirilən bütün layihələrə qarşılıqlı faydalı əməkdaşlığa imkan yaradan, dövlətləri bir-birindən asılı etməklə rəqabətə yox, əməkdaşlığa sövq edən platforma – gəmi kimi yanaşır. “Bir gəminin üzvü olmaq” - əslində bütün dünyaya verilən mesajdır və bəşəriyyətin təhlükəsiz gələcəyinin yeganə çıxış yoludur.
Bütövlükdə isə, Prezidentin yeni informasiya strategiyası müharibə dövründə Azərbaycan xalqının, dövlərinin öz torpaqlarını işğaldan azad etməsi, Vətən müharibəsi ilə bağlı həqiqətlər barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırmağa imkan verdiyi kimi, postmünaqişə dövründə də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi və hüquqi nəticələri haqqında gerçəkliklərin dünyaya dolğun şəkildə çatdırılmasına əlverişli zəmin yaradır.

Elçin Mirzəbəyli

Siyasi analitik