• 4 Oktyabr 2022
logo
Azərbaycan Prezidenti: “İstəyirik ki, UNESCO ermənilərin mədəni və milli irsimizə nə etdiklərini görsün”

Azərbaycan Prezidenti: “İstəyirik ki, UNESCO ermənilərin mədəni və milli irsimizə nə etdiklərini görsün”

“Biz uzun illər ərzində UNESCO-nu işğal edilmiş ərazilərə səfərə dəvət etmişik. Bizə verilən cavab isə belə olub ki, onlar siyasi mübahisələrlə bağlı məsələlərlə məşğul deyil. Beləliklə, bütün bu işğal illəri ərzində UNESCO-dan heç bir nümayəndə heyəti işğal altında olmuş ərazilərə səfər etməyib”.

Bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.
Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi dayanan kimi bizə UNESCO-dan əraziləri ziyarət etməklə bağlı müraciətlər daxil olmağa başladı: “Çox şadam ki, bu dəyişiklik baş verib və biz indi UNESCO ilə onların səfərinə dair logistik məsələləri razılaşdırmağın yekun mərhələsindəyik. Ümid edirəm ki, onlar növbəti ay missiya ilə təşrif buyuracaqlar. Biz onların ermənilərin mədəni və milli irsimizə nə etdiklərini görmələrini istəyirik”.

Etimadın gücləndirilməsi tədbirlərindən danışan Prezident İlham Əliyev deyib: “Biz Ermənistan ilə Azərbaycan arasında etimadın gücləndirilməsi tədbirlərinə töhfə vermək üçün bizə kömək edəcək istənilən təşkilatın fəaliyyətinə minnətdar olardıq. İstər ATƏT, Avropa İttifaqı, UNESCO olsun, istərsə də milli mövqedən çıxış edən ölkələr. Bu, tərəfimizdən yüksək qiymətləndirilərdi. Çünki bu olmadan, hətta bizim sülh razılaşmamız olsa belə, bu razılaşmanı xalq dəstəkləməyəcək. Xalq da öz iradəsini ifadə etməlidir. Xalqlararası təmaslar olmadan postmünaqişə vəziyyətini həll etmək olmaz. Odur ki, hesab edirəm, BMT iki ölkəyə müharibə yaralarını sağaltmağa kömək etmək üçün zəruri olanı edəcək”.