• 28 Sentyabr 2022
logo
Almaniya, Çexiya və Slovakiya XİN başçıları İsrailə gedib

Almaniya, Çexiya və Slovakiya XİN başçıları İsrailə gedib

Almaniya, Çexiya və Slovakiyanın xarici işlər nazirləri İsrailə gedib.

APA-nın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, Almaniya xarici işlər naziri Hayko Maas, Çexiya xarici işlər naziri Yakub Kulhanek və Slovakiya xarici işlər naziri İvan Korçok İsraillə həmrəylik nümayiş etdirmək üçün bu ölkəyə səfərə gedib.
Bildirilib ki, səfər İsrail XİN başçısı Qabi Aşkenazinin dəvəti əsasında baş tutub.

Səfər çərçivəsində nazirlər İsrail XİN başçısı ilə görüşəcəklər. Onların HƏMAS-ın bombaladığı ərazilərə də baş çəkəcəyi gözlənilir.

İsrail Xarici İşlər Nazirliyindən bildirilib ki, növbəti həftədigər bir neçə ölkənin XİN başçısı da İsrailə səfər edəcək.

“Mənim səfərimin məqsədi hər iki tərəfdə gecə-gündüz həyatlarını itirməkdən qorxan insanlarla həmrəylik göstərməkdir. İsrail HƏMAS-ın raket terroruna qarşı özünü müdafiə etməlidir. Söhbət beynəlxalq ictimaiyyətin zorakılığa son qoymağı və davamlı atəşkəsə necə dəstək verə biləcəyindən gedir. Sülh danışıqlarına qayıtmağın yolunu necə asanlaşdıracağımızı düşünməliyik”, - deyə Almaniya XİN başçısı deyib.

Hayko Maas İsraildə müdafiə naziri Benni Qantz və Prezident Reuven Rivlinlə də görüşəcək. Almaniyalı nazir daha sonra Ramallaha gedəcək və Fələstininin Baş naziri Məhəmməd Ştayyehlə görüşəcək.

Slovakiyanın xarici işlər naziri İ. Korçok isə qeyd edib ki, onun ölkəsi İsrailin öz vətəndaşlarını HƏMAS və digər hərbi qruplaşmaların hücumundan müdafiə etmək hüququna malikdir: “Slovakiya daha çox günahsız qurbanın olmaması üçün gərginliyin azalmasına aktiv diplomatiya ilə töhfə vermək istəyir”.

Çexiyanın XİN başçısı Yakub Kulhanek bildirib ki, İsrail öz vətəndaşlarını ayrı-seçkilik olmadan terrora qarşı müdafiə etmək hüququna malikdir.