• 2 Oktyabr 2022
logo
Mədət Quliyev Belarusun müdafiə nazirini qəbul edib - FOTO

Mədət Quliyev Belarusun müdafiə nazirini qəbul edib - FOTO

Bu gün müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının müdafiə naziri, general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, Mədət Quliyev qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət başçılarımızın yaxın dostluq əlaqələri ölkələrimiz və xalqlarımız arasındakı qarşılıqlı hörmət və etimada söykənir. Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir.
Bildirilib ki, hərbi-texniki sahədə Azərbaycan-Belarus əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər gələcəkdə daha da uğurla inkişaf etdiriləcək.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycana qarşı ikili standartlar yürüdən, torpaqlarımızın zəbt olunması faktına illərlə göz yuman bir sıra dünya ölkələrinin və xarici təşkilatların gələcəkdə ölkəmizə silah satmaqdan imtina edə biləcəyi ehtimalını gözə alaraq 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması təşəbbüsünü irəli sürüb: “Ordumuzun şanlı qələbəsi və ərazi bütövlüyümüzün bərpası ilə bitən 44 günlük vətən müharibəsində hərbi əməliyyatlar zamanı yerli hərbi sənayemizin istehsalı olan bir sıra silah və texnikalardan aktiv istifadə edilməsi bu qərarın düzgün və zamanında qəbul edildiyini, dövlətimizin başçısının uzaqgörənliyini bir daha sübut etdi”.

Müdafiə naziri kimi ilk xarici səfərini dost ölkə Azərbaycana etdiyindən məmnunluğunu bildirən qonaq ölkəmizlə Belarus arasında ikitərəfli hərbi əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib. V. Xrenin bu əməkdaşlığın hər iki ölkənin dövlət başçılarının dostluq əlaqələrinə əsaslandığını qeyd edib, diqqətə çatdırıb ki, Belarus Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.

Görüş Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.