• 7 Dekabr 2021
logo
Azərbaycanın bərpa olunan enerji yolu: Hazırkı və gələcək layihələr - Fransanın "Lagazetteaz.fr" qəzeti

Azərbaycanın bərpa olunan enerji yolu: Hazırkı və gələcək layihələr - Fransanın "Lagazetteaz.fr" qəzeti

"lagazetteaz.fr" onlayn fransız qəzetində " Azərbaycanın bərpa olunan enerji yolu - Hazırkı və gələcək layihələr" ilə bağlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə bildirilib ki, Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük potensiala malikdir. Ölkədə iri külək və günəş enerjisi ehtiyatları və mühüm biokütlə, geotermal və su enerjisi perspektivləri var.

Azərbaycanın gələcəkdə illik 62,8 milyard kilovatt/saat elektrik enerjisi istehsal etmək potensialı mövcuddur.

Əsas diqqət 2021-ci il yanvarın 9-da Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri ilə imzalanmış müqavilələrə uyğun olaraq 240 meqavatt gücündə külək və 200 meqavatt gücündə günəş elektrik stansiyalarının tikintisi üzrə pilot layihələrin icrasına yönəlib.

Aprelin 6-da Energetika Nazirliyi və "Azərenerji" ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə "İnvestisiya müqaviləsi", "Enerji alqı-satqı müqaviləsi" və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" imzalanıb.

Aprelin 14-də isə Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı məqsədi ilə dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair Energetika Nazirliyi ilə Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum Energetika Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi, həmçinin energetika sektorunun maliyyə davamlılığı və səmərəliliyinin artırılması üçün bu sahədə özəl sektorun iştirakının dəstəklənməsi kimi ümumi məqsədlər kontekstində imzalanıb.

Dünya Bankı Qrupunun təşəbbüsü olan "Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı" (ESMAP) çərçivəsində aparılan ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 giqavatt səviyyəsində qiymətləndirilir.

Böyük Britaniyanın "BVG Associates" (BVGA) Azərbaycanın dənizdə külək enerjisinin potensialının qiymətləndirilməsi üçün Dünya Bankı və Azərbaycan hökuməti ilə birgə işləyir.

Şirkət dənizdə külək enerjisinin inkişafı üçün yol xəritəsi hazırlayacaq. Memorandumun digər məqsədləri bərpa olunan enerji mənbələrinin istifadəsinə kömək və maliyyə dayanıqlığının və eneji sektorunun səmərliliyinin artırılmasında özəl sektorun iştirakının dəstəklənməsidir.

BVGA Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üçün ən yaxşı yerləri müəyyənləşdirmək məqsədi ilə Dünya Bankının komandası ilə işləyəcək. Yol xəritəsi geoməkan təhlili, xərclərin modelləndirilməsi və iqtisadi təhlil, tədarük zənciri və infrastrukturn dəyərləndirilməsi, sosial və ekoloji təsirlərin qiymətləndirilməsini əhatə edəcək.

Şirkət 2021-ci il ərzində "Atkins" və "Encotec" şirkətlərinin texniki dəstəyi ilə yol xəritəsinin reallaşdırılmasına rəhbərlik edəcək.
İşğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması məqsədilə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb.

Müqavilə işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpa olunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasını nəzərdə tutur.

Asiya İnkişaf Bankı Böyükşor gölündə ümumi gücü 100 kVt təşkil edən üzən günəş stansiyasının tikintisini maliyyələşdirəcək.

Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji mənbələrinin istifadəsini genişləndirmək üçün elektrik stansiyaları inşa olunur.

Araz çayı üzərində tikilən Ordubad Su Elektrik stansiyasının gücü 36 meqavatdır. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunub. Su elektrik stansiyasında orta illik elektrik enerjisi istehsalı 190 milyon kilovatt/saat nəzərdə tutulur.

Şərur rayonunda 5 meqavatt gücündə günəş elektrik stansiyası, Culfa rayonunda 1,1 meqavatt gücündə külək elektrik stansiyası tikilir.

İşğaldan azad edilmiş Qarabağda alternative enerji mənbələrinin inkişafına xüsusi diqqət ayrılır.

Təqribi qiymətləndirmələrə əsasən regionda 4000 meqavatdan çox günəş, 500 meqavatadək isə külək enerjisi potensialı vardır. İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında günəş enerjisi üzrə layihələrin reallaşdırılması üçün münbit şəraitin olduğu 7 perspektiv ərazi müəyyən edilmişdir. Həmçinin, Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metrə çatdığı geniş ərazilərin mövcud olduğu məlumdur.

Azərbaycanda yerli su ehtiyatlarının 25%-i Qarabağ ərazisində formalaşır ki, bu da böyük hidroenerji potensialı deməkdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində yerləşən "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarında bəndin tikintisi üzrə işlər tamamlanmaqdadır. Hazırda bu hidroqovşaqların tikintisinin tam başa çatdırılması və elektrik stansiyalarının quraşdırlması istiqamətində İran İslam Respublikası ilə əməkdaşlıq davam etdirilir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yerləşən bəzi kiçik su elektrik stansiyalarında təmir-bərpa işlərinə başlanması üçün hazırlıq işləri görülür.