• 3 Oktyabr 2022
logo
Ölkəmizin uğurlarına qısqanclıqla yanaşanlar dost ölkələrlə münasibətlərimizi pozmağa cəhd göstərirlər - Deputat

Ölkəmizin uğurlarına qısqanclıqla yanaşanlar dost ölkələrlə münasibətlərimizi pozmağa cəhd göstərirlər - Deputat

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə, həmçinin, bir neçə gün öncə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı dostlarımızı nə qədər sevindirirsə, düşmənlərimizi də o qədər kədərləndirir. Ölkəmizin əldə etdiyi uğurları həzm edə bilməyən Ermənistanın və onun xarici havadarlarının Azərbaycana qarşı son əsassız iddialar səsləndirməsi də düşmənlərimizin məlum narahatlığından irəli gəlir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan qüvvələr xırda bir məqamdan belə Azərbaycana qarşı istifadə etmək istəyir, həmçinin bizimlə dost olan ölkələrlə münasibətlərimizin pozulmasına cəhd göstərirlər: “Gürcüstandakı son olaya da bu konteksdən yanaşmaq olar. Bildiyiniz kimi, Gürcüstandakı insident tamamilə məişət zəminində baş verib. Yəni, bəzi qərəzli xarici qüvvələrin iddiasının əksinə olaraq burada hər hansı etnik amildən söhbət gedə bilməz. Sadəcə, dediyim kimi, ölkəmizin uğurlarından, həmçinin Azərbaycan-Gürcüstan əməkdaşlığının yüksək səviyyəyə çatmasından narahat olan bəlli qüvvələr son insidenti süni şəkildə “etnik amil” prizmasından “dəyərləndirməkdədirlər”. Lakin bu qüvvələrin cəhdləri əbəsdir”.