• 15 Sentyabr 2024
logo
HEYDƏR ƏLİYEV VƏ QALİB AZƏRBAYCAN

HEYDƏR ƏLİYEV VƏ QALİB AZƏRBAYCAN

Zaman fəlsəfi cazibədarlığı ilə seçilən anlayışdır. Onu nə geri döndərmək, nə dayandırmaq, nə də dəyişmək mümkündür. Yalnız müdrik və dahi şəxsiyyətlər zamanı özününküləşdirmək, tarix yaratmaq, yaşadıqları dövrü öz irsi ilə gələcək nəsillərə ötürmək qabiliyyətinə malik olurlar.

Ölkənin ən mürəkkəb, gərgin vəziyyətində xalqına dayaq olan, öz fikri, istedadı, idarəetmə qabiliyyəti və uzaqgörənliyi ilə həm sovet dövründə, həm də müstəqilliyimizin ilk illərində xalqımızı ən çətin sınaqlardan çıxaran, insanların həm bugünkü, həm də gələcək xoşbəxtliyini təmin edən dahi insan Heydər Əliyev kimi ...

Ömrünü xalqının rifahı və xoşbəxtliyi yolunda şam kimi əridən əvəzolunmaz şəxsiyyət, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Tanrının hər xalqa min ildə yalnız bir dəfə bəxş etdiyi nadir şəxsiyyətlərdən olan Heydər Əliyev 1969-cu ildən respublikamıza rəhbərlik etmişdir. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ rəhbərlərindən biri olmuşdur.

Azərbaycanın dövlət müstəqilliyini itirmək ərəfəsində xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil olmuşdur.

1990-cı ildə yenicə müstəqillik qazanan Azərbaycanda siyasi böhran hökm sürürdü. Belə ağır vəziyyətdə xalq öz xilasını yalnız H.Əliyevdə görürdü. Xalqın təkidi ilə siyasi xadim kimi hakimiyyətə qayıdan H.Əliyev çox qısa bir zamanda ölkədə siyasi sabitliyə nail oldu. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, elm, təhsil, mədəniyyət, idman və digər sahələrin tərəqqisinə nail oldu. Müstəqilliyimizin əbədi və dönməz olması yolunda Ulu Öndərin atdığı hər bir addım, reallaşdırdığı möhtəşəm layihələr yalnız xalqımızın və dövlətimizin firavan gələcəyinə xidmət edirdi. Onun ürəyi Azərbaycan xalqının dövlət müstəqilliyinin möhkəmlənməsi, xalqının xoşbəxtliyi üçün çırpınırdı.

Ulu Öndər söyləyirdi ki, "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün əziz bir qaladır, əziz bir abidədir, Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur."

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək "Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq." - söyləmiş və İlham Əliyev siyasi varis elan etmişdi. Düz 17 il sonra Prezident İlham Əliyev Heydər Əliyevin uzaqgörən dühasının sübuta ehtiyacı olmadığını təsdiq etdi və işğalçı Ermənistanın torpaqlarımıza olan təcavüzünə qarşı Azərbaycan Ordusunun əks-hücuma keçmə əmrini verdi. Ali Baş komandan və Vətən müharibəsinin diplomat sərkərdəsi ulu öndər Heydər Əliyevin başladığı diplomatik yolu Prezident İlham Əliyev layiqincə davam etdirdi. Təməli Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycan dövlətini daha da möhkəmləndirərək xalqımızın rifahını daha yüksək zirvələrə qaldırır.

Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın qorunması Ulu Öndər Heydər Əliyevin xüsusi diqqətində olmuş, 1977-ci ildə onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir.

Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşaya səfərləri zamanı ziyarət etdikləri obyektlərin hamısı – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir.

Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

32 ildən sonra keçiriləcək budəfəki “Xarıbülbül” festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur.

Festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

Şükürlər olsun ki, Azərbaycan Qalib ölkə kimi öz sözünü dedi, haqq-ədalət öz yerini tapdı. Azərbaycan xalqı 30 ildir doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayır, Qarabağla nəfəs alırdı. Lakin bu gün zaman-zaman başı üstündən tufanlar əsmiş gözəl Qarabağımız böyük ümidlə gələcəyə boylanır. Şuşa, Ağdam məscidində 27 ildən sonra yenə azan səsi eşidilir, "Qarabağ şikəstəsi" Qarabağ torpağında səslənir. O yerlərə 30 ildən sonra həyat qayıdır, o torpaqların yeni dövranı başlayır. Otuz il davam edən işğala 44 gündə son qoyuldu.

Bu gün biz qalib və azad Azərbaycan torpağının vətəndaşlarıyıq. Sabahımız parlaq, gələcəyimiz etibarlı əllərdədir. Öz işi, əməlləri ilə qəlblərdə özünə heykəl qoymuş Ulu Öndər xalqının qəlbində daim yaşayacaqdır. Nə qədər ki, dünyada azərbaycanlılar var, deməli, Heydər Əliyev yaşayır, onun ideyaları yaşayır.

Cavid Əliyev

Xətai rayonu 86 №li tam orta məktəbin direktoru