• 25 Aprel 2024
logo
Millət vəkili: “Xarıbülbül festivalı Azərbaycanın Zəfərinin sülhə töhfə olduğunu bir daha sübut edir”

Millət vəkili: “Xarıbülbül festivalı Azərbaycanın Zəfərinin sülhə töhfə olduğunu bir daha sübut edir”

“Bugün dünyanın gözü Azərbaycanın mədəniyyət paytaxtı Şuşadadır. Uzun illər fasilədən sonra Şuşada keçirilən Xarıbülbül festivalı dünyanın diqqətini yenidən Azərbaycana çəkdi”.

Bunu APA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.
Millət vəkili deyib ki, bu musiqi festivalı təkcə Azərbaycan xalqının mədəniyyət bayramı kimi dəyərləndirilməməlidir: “Bu festival Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfərinin bölgədə və dünyada sülhə və barışa bir töhfə olduğunu bir daha dünyaya sübut edir. Mədəniyyət və incəsənət sərhəd tanımır. Şuşada keçirilən Xarıbülbül festivalının proqramına Azərbaycanda yaşayan müxtəlif xalqların yaratmış olduğu musiqi nömrələri daxil edilib. Bu, Azərbaycanın zəngin multikultiral dəyərlərini və ölkəmizin tolerantlıq nümunəsi olmasını bir daha dünyaya nümayiş etdirir”.

M. İbrahimqızı qeyd edib ki, beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq təşkilatlar nəhayət ki, birmənalı olaraq başa düşməlidir ki, təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı bu ərazilər terrorçuluğun, silah qaçaqmalçılığının, narkotrafikin mərkəzi idi: “Bu isə nəinki Azərbaycan, eyni zamanda bəşəriyyət üçün ciddi təhlükə idi. Məhz Müzəffər Ordumuzun qüdrəti və qətiyyətli Ali Baş Komandanımızın cəsarəti və qətiyyəti ilə insanlıq bu qlobal təhlükədən, erməni faşizmindən xilas oldu. İnşallah əminik ki, tezliklə Şuşa ən mötəbər beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinə ev sahibliyi edərək, beynəlxalq səviyyəli Mədəniyyət Mərkəzinə çevriləcək. Hər zaman beynəlxalq səviyyəli humanitar və mədəniyyət tədbirləri ilə ölkəmizi və xalqımızı dünyada tanıdan və Şuşada Xarıbülbül festivalının təşkilatçısı olan Heydər Əliyev Fonduna və onun Rəhbərinə təşəkkür edirik”