Kamran Əliyev: "Qarabağda vuruşmuş erməni terrorçularla bağlı cinayət işi yekunlaşmaq üzrədir"
"Qarabağda vuruşmuş erməni terrorçular və muzdlularla bağlı konkret cinayət işləri var".
Bu sözləri Baş Prokuror Kamran Əliyev deyib.
O bildirib ki, həmin şəxslərə qarşı konkret cinayət işi ilə bağlı ittihamlar irəli sürülüb: "Bunlardan biri - Livan vətəndaşı ilə bağlı cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Həmin şəxs barəsindəki cinayət işinə hərtərəfli və obyektiv yanaşılması üçün beynəlxalq konvensiyalara uyğun baxılması təmin ediləcək. Digər terrorçularla bağlı cinayət işi də yekunlaşmaq üzrədir. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".
Kamran Əliyevin sözlərinə görə, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb.
Baş Prokuror bildirib ki, bu, diplomatiya sahəsində həyata keçirilən addımlardır: "Münaqişə başlayan ilk gündən bəri bununla bağlı müvafiq tədbirlər görülüb, hüquqi müstəvidə addımlar atılıb. Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmələrdə həm cinayət təqibi qaydasında, həm mülki qaydada iddiaların qaldırılması təmin ediləcək".