• 23 Aprel 2024
logo
İşğalla Zəfər arasında

İşğalla Zəfər arasında

Şuşa işğal edildiyi gündən bu tarixi qala-şəhərimizin düşmən əsarətinə düşməsi ətrafında müxtəlif fərziyyələr səsləndirilir. Şəhərin müdafiəsinə görə öz səlahiyyətləri çərçivəsində məsuliyyət daşıyan hər kəs günahı başqalarında, hətta ən fantastik geosiyasi ssenarilərdə axtarır. Amma Şuşaya bələd olan hər kəsin daxilən çox yaxşı başa düşdüyü həqiqəti əksəriyyət dilə gətirmək istəmir. Kimsə səfərdə olduğunu, kimsə səfərdən olduğunu, kimsə şərəfdən olduğunu deyir, lakin həqiqətin gözünə baxmaqdan, gerçəkliyin aynasında özünü görməkdən qaçır. Kiminsə gicgahına doğru 29 ildir açıla bilməyən “güllə” yol gəlir və nədənsə hələ də “mənzilinə” çata bilməyib. Kiminsə...

Lənət şeytana...

Silahlı Qüvvələrimizin Şuşanı azad edərkən nümayiş etdirdiyi misli görünməmiş, dünya hərb tarixinə qızıl hərflərlə, həm də əbədilik yazılacaq qəhrəmanlıq və yüksək peşəkarlıq, əslində mədəniyyətimizin paytaxtının əsarət altına düşməsinə səbəb olan əsil həqiqətlərin gün işığına çıxmasına imkan verir.

Ermənilər Şuşaya 150-200 nəfər cındırından cin ürkən, peşəkar hərbi vərdişləri olmayan “dığa sürüsü” ilə sahiblənmişdilər. Həm də ciddi müqavimət görmədən... Çünki Şuşa da, orada qalan 5-10 nəfər qeyrətli döyüşçü də Tanrının ümidinə tərk edilmişdi...

Həmin dövrdə prezident səlahiyyətlərini icra edən Ali Sovetin sədri Yaqub Məmmədovu “sudan çıxmış ağ qaşıq” hesab etməsəm də, onun Şuşanın işğalından sonra xalqa müraciətində yer alan fikirlərin həqiqət olduğunu düşünürəm.

Sitat:

“Bu hərəkət-hərbi qüvvələrin, müdafiə qüvvələrinin heç bir müqavimət göstərmədən, nəyə görəsə Şuşanı belə asanlıqla tərk edib ermənilərə verməsi mənə qarşı yox, Azərbaycan rəhbərliyinə qarşı yox, Azərbaycanın qəhrəmanlıq tarixinə, Azərbaycan xalqının bu gününə və gələcəyinə (edilən-E.M) böyük satqınlıq, xəyanət, alçaqlıq – və nə desəniz, buna aid məfhumları burada işlətmək olar, – idi. Mən buna ayrı qiymət verə bilmirəm və vermək mümkün deyil”.

Yaqib Məmmədovun dedikləri, şübhəsiz ki, həqiqətdir. Ona ünvanladığım “süddən çıxmış ağ qaşıq” ifadəsinə gəldikdə isə, bu, prezidentin səlahiyyətlərini icra edən, de-yure və de-fakto dövlətin rəhbəri olan bir şəxsin məsuliyyətdən tamamilə yayınmaq cəhdinə bir siyasətçi, jurnalist və işğal tarixçələrinin şahidi kimi münasibətimdir. Satqınlar, xəyanətkarlar, alçaqlar isə hər zaman olub və olacaqlar... Elə indinin özündə də... Ola bilsin müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmaq, yaxud bu və ya digər şəkildə sənə etibar edilmiş kürsünü qoyub qaçmaq, tülkü kimi mısıb hadisələrin gedişini izləmək satqınlıq deyil, amma fərarilikdir, qorxaqlıqdır, xaraktersizlikdir.

Hadisələrin sonrakı gedişatı isə hər kəsə məlumdur. Şuşa nə üçün Tanrının ümidinə tərk edilmişdi, şəhərin müdafiəsinə görə məsuliyyət daşıyan hərbi birləşmələr Bakıya hansı səbəbdən çağırılmışdılar – bütün bu sualların cavabı Şuşanın süqutundan sonra, xüsusilə də 14-19 may tarixlərində cərəyan edən hadisələrin xronologiyasında öz əksini tapıb. Təkrarlayıb nə özümü, nə də sizi yormaq istəmirəm.

Bu gün, Şuşanın işğalına son qoyulduğu, işğal tarixinin üzərindən çalın-çarpaz xətt çəkildiyi zaman kəsiyində sosial şəbəkələr üzərindən ideoloji söykəncəkləri, tutarğacları darmadağın edilmiş ermənilərlə həmahəng şəkildə üstümüzə ulayan çaqqalların bəsit, faktdan və arqumentdən uzaq boşboğazlıqları da, otən 29 il ərzində onların zərrə qədər də dəyişmədiklərini göstərir. Başlarını YouTube “ekranlarından” hindən qovulmuş xoruz kimi pəjmürdə şəkildə sallayıb Zəfərimizin üzərinə kölgə salmağa çalışanlar Şuşanı düşmənə təslim edənlərin əlaltıları, tərəfdaşları və xələfləridir.

İşğalla Zəfər arasındakı zaman kəsiyi isə bizə bir xalq olaraq heç vaxt unutmayacağımız və unudulması xəyanətə bərabər olan dərs verdi: Sözü yox əməli qiymətləndirəcək, kimliyindən asılı olmayaraq təsadüfi adamların hakimiyyətə sahiblənməsinə imkan verməyəcək, populistlərə, saxta vətənpərvərlərə, boşboğazlara, xaraktersizlərə inanmayacağıq!

Elçin Mirzəbəyli

Siyasi analitik