• 1 Oktyabr 2022
logo
Şuşanın mədəniyyət paytaxtı statusunun rəsmiləşməsi şəhərin hərtərəfli inkişafını təmin edəcək - Könül Nurullayeva

Şuşanın mədəniyyət paytaxtı statusunun rəsmiləşməsi şəhərin hərtərəfli inkişafını təmin edəcək - Könül Nurullayeva

Prezident İlham Əliyevin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” sərəncamı qədim Azərbaycan şəhərinin yeni statusunu rəsmiləşdirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Prezident sərəncamında da qeyd edildiyi kimi, Şuşanın azad edilməsi bu şəhərin tarixi şöhrətini özünə qaytaracaq:

"Artıq Şuşa Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Ümumiyyətlə, Azərbaycan xalqının Şuşaya hər zaman xüsusi münasibəti olub. Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın tarixi hissəsinin qoruq elan edilməsi də 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Hələ 1977-ci ildən Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İşğal zamanı Şuşanı erməniləşdirməyə cəhd etsələr də, buna nail ola bilməyiblər. Prezident İlham Əliyevin də söylədiyi kimi, “bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu vəziyyətə salmazdılar”.

Deputat vurğulayıb ki, Şuşanın əsl sahibləri qayıdan kimi onun tarixi simasını bərpa etmək istiqamətində işlərə başlandı: "Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilir.

Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub-saxlanmasına xidmət etməklə yanaşı, onun hərtərəfli inkişafına da şərait yaradacaqdır".