Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibəsini oxucularımıza təqdim edirik
Xəbər verildiyi kimi, oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçi şəhərinə səfəri zamanı “Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik
- Salam, cənab Prezident. Aleksey Qolovko, “Vesti” proqramı.
- Çox xoşdur.
- Bu il Valdayın mövzusu “Şərqin şəfəqi”dir, Asiya ölkələrinə xüsusi diqqət yetirilir. Rusiya kimi Azərbaycan da demək olar Avropa ilə Asiyanın qovuşuğunda yerləşir. Siz burada hansı əsas məsələləri qaldırmaq və hansı suallara cavab almaq istərdiniz?
- Əvvəla, “Valday” Diskussiya Klubunda iştirak etmək dəvətinə görə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə minnətdarlığımı bildirmək istərdim. Valday klubu özünü dünya gündəliyinin və çox vacib aktual məsələlərin müzakirəsi üçün diskussiya platformalarından biri kimi göstərib. Əlbəttə ki, mən bu gün Vladimir Vladimiroviçlə görüşmüşəm. Biz ikitərəfli münasibətlərimizin çox zəngin olan və xeyli sahələri əhatə edən gündəliyini müzakirə etmişik. Buna görə də mən, şübhəsiz ki, ikitərəfli gündəliyi, Azərbaycanın rastlaşdığı mühüm problemləri, yeni çağırışları işıqlandırmağı planlaşdırıram. Odur ki, mən bu gün çox maraqlı diskussiyaya ümid bəsləyirəm.
-Məlum olduğu kimi, Azərbaycanın Qərb ölkələri ilə yaxşı münasibətləri var. Rusiya artıq bir neçə ildir ki, sanksiyalar altındadır. Bu, Sizə Rusiya ilə əməkdaşlıq etməyə və bütün bu ikitərəfli layihələri inkişaf etdirməyə mane olmurmu?
- Xeyr, qətiyyən mane olmur. Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi. Biz, həmçinin BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstəririk, çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur. Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə bugünkü görüş bunu bir daha təsdiq etdi.
-Daha bir sual siyasət barədə yox, Sizin alma-mater - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlıdır. Tezliklə yubileyi olacaq. Siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları arasında ilk Prezidentsiniz. Bu təhsil Sizə hansı əsas keyfiyyətləri verib və bu, Sizə indi siyasi fəaliyyətinizdə necə kömək edir?
-Bilirsiniz, tələbəlik illəri hər bir insan üçün xüsusi illərdir. Bu, yetkinləşmək, müstəqil həyata qədəm qoymaq illəridir. Məndə bu dövr yaşayış yerimi dəyişərək Bakıdan Moskvaya köçməklə müşayiət olunub. Deməliyəm ki, valideynlərim məni məktəbə tez, hələ 6 yaşım tamam olmamış göndəriblər. Buna görə də mən orta təhsilimi 16 yaşım tamam olmamış bitirmişəm. Açıq deyəcəyəm, mənim heç pasportum da yox idi. Buna görə də mən Moskvaya ali məktəbə qəbul olunmağa arayışla gəlmişdim. İlk qış sessiyası qabağı isə 16 yaşım tamam oldu və mən pasport aldım. Əlbəttə, bu yeniyetməlik çağıdır. Amma mən institutda özümü çox rahat hiss edirdim. Çünki şərait çox müsbət idi, həm qrupdakı uşaqlarla, həm də müəllimlərlə çox yaxşı münasibətlərim yaranmışdı. Həmin illər unudulmazdır. Onlar mənə bilik, ünsiyyət təcrübəsi verib. Bu, ilk müstəqil həyat təcrübəsi idi. Deməliyəm ki, institutu bitirdikdən sonra mən ölkələrdən birində SSRİ səfirliyində işə təyinat alsam da, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qalmağa üstünlük verdim. Aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim, bundan sonra xeyli illər orada işlədim. Yəni, mənim 15 ilim institutla əlaqədar olub. Əlbəttə ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ilk forumunun mənim təşəbbüsümlə Bakıda keçirilməsini elə bütün bunlar müəyyənləşdirdi. Hətta yadımdadır, o vaxt zarafat etdim ki, başqa cür ola da bilməz, təkcə ona görə yox ki, həmin vaxt mən yeganə Prezident idim, həm də əlifbaya uyğun olaraq istər ölkənin, istərsə də soyadımın ilk hərfinə görə belə olmalı idi. Forum Bakıda keçirilməli idi. Çox şadam ki, bu forum artıq ənənəyə çevrilib, məncə artıq 5-ci dəfə keçirilib. Əlbəttə ki, bu, hamımızı birləşdirir. İnstitut müəllimlərimi, dostlarımı fərəhlə xatırlayıram və bu yubileydə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna yeni uğurlar arzulayıram. Şadam ki, bu ali məktəbə uzun illərdir mənim mehriban dostum Anatoli Vasilyeviç Torkunov başçılıq edir, institutun inkişafında, dünyanın ən aparıcı ali məktəblərindən biri kimi tanınmasında onun çox böyük xidmətləri var.
- Sonuncu qısa sual. Prezident Tokaev də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur. Bu, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına kömək edir?
-Bilirsiniz, şadam ki, mən indi məzun kimi Prezident olaraq tək deyiləm. Əlbəttə, biz Kasım-Jomart Kemeleviçlə bir-birimizi lap çoxdan tanıyırıq. Biz həm Qazaxıstanda, həm Azərbaycanda, həm də beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük. Əlbəttə, o, Prezident seçiləndə mən ona zəng vurub təbrik etdim, hər ikimiz təməli Azərbaycan Prezidenti Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulan uzun illərin mehriban münasibətlərini daha da inkişaf etdirməyə davam edəcəyimiz barədə fikir mübadiləsi apardıq. Yəni, biz bu ənənələri davam etdiririk və əminəm ki, gələcəkdə Qazaxıstanla Azərbaycan elə bu cür qarşılıqlı aktiv fəaliyyət göstərəcək.
-Çox sağ olun.
-Sağ olun.
x x x
- Salam. Birinci kanal. Yeri gəlmişkən, mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişəm. Biz müəyyən mənada bu gün Sizinləyik.
- Neçənci ildə?
- 1998-ci ildə, beynəlxalq jurnalistika fakültəsini. Bizim ilk sualımız bu gün burada keçirilən tədbirlərlə, yəni, Valday ilə bağlıdır. Mövzu “Şərqin şəfəqi”dir. Yəni, Şərqin dirçəlişi, Şərq istiqamətinin möhkəmləndirilməsidir. Azərbaycan, Rusiya və Rusiya-Azərbaycan münasibətləri bu prosesdə hansı rol oynayır?
-Azərbaycan coğrafi cəhətdən Şərqlə Qərb arasında yerləşir. Buna görə də biz həm Şərq ölkələrini birləşdirən beynəlxalq təşkilatlarda, həm də məsələn, Avropa Şurası kimi təşkilatda iştirak edirik. Təbii ki, coğrafiya geosiyasətə təsir edib və edir. Bu gün Azərbaycan özünün coğrafi vəziyyətindən istifadə edir. Hesab edirəm ki, bu gün biz həm humanitar sahədə, həm nəqliyyat sahəsində, həm də bütün digər sahələrdə Şərq və Qərb ölkələri arasında dialoq qurulmasında müəyyən rol oynayırıq. Rusiya dünyanın ən iri ölkəsidir. Buna görə, əlbəttə ki, təkcə Asiya qitəsində deyil, həm də bütün qlobal dünyada Rusiyanın rolu çox böyükdür. Rusiyanın rolu böyüyür, həm potensialı, həm də gücü artır.
Bizim ikitərəfli münasibətlərimizə gəlincə, bunlar çox müsbətdir, çox yaxşı dinamikaya malikdir, həyatın bütün sahələrini əhatə edir və çox etibarlıdır. Mənim Prezident Vladimir Vladimiroviç Putinlə keçən il 4, bu il 2 şəxsi görüşüm olub. Bu görüşlər ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafına çox ciddi impuls verir və həmçinin bizim regiondakı vəziyyətə müsbət təsir göstərir.
-Dünyanın quruluşu, Şərqdən baxış. Şərqdən baxdıqda, dünya hansı prinsiplər əsasında qurulmalıdır?
-Fikrimcə, biz hansı tərəfdən baxsaq da, əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır. Təəssüf ki, onlar kobud şəkildə pozulur və bu prinsiplərə hörmətin seçim yanaşması mövcuddur. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir. BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. Bununla da bu aparıcı dünyəvi təsisat müəyyən dərəcədə nüfuzdan salınır. Buna görə də düşünürəm ki, beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Amma gerçəklik belədir ki, bu, baş vermir. Dünyanın qlobal işlərində Azərbaycan kimi ölkədən çox az şey asılıdır. Buna görə də düşünürəm ki, əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və onlar dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməlidirlər.
-İndi Sizə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu barədə bir-iki sual vermək istərdim. İnstitutla bağlı hansı xatirələriniz qalıb?
-Çox xoş xatirələr qalıb. Həyatımın 15 ili institutla bağlıdır. Təhsil, aspirantura, iş, çoxlu dostlar, tanışlar və əlbəttə ki, mənim üçün həm yetkinləşmə, həm də biliklərə yiyələnmək cəhətdən çox vacib olub. Buna görə də mən rəhbərliklə daim əlaqə saxlayıram. Mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının bir neçə il əvvəl Bakıda keçirilən ilk forumunun təşəbbüskarıyam. İndi bu forum artıq daimi fəaliyyət göstərən tədbirə çevrilib. Mən institutun 60 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmişəm, eləcə də 75 illiyi ərəfəsində bütün dostlarımı, kurs yoldaşlarımı, müəllimlərimi bu şanlı yubiley münasibətilə təbrik edirəm.
-Bəs necə hesab edirsiniz, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu həyatınızda hansı rolu oynayıb. Əgər başqa ali məktəb olsaydı, hər şey başqa cür olardımı?
-Bilmirəm, demək çətindir necə olardı. Amma əlbəttə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu çox mühüm rol oynayıb. Çünki orada aldığım biliklər gələcək işimdə həqiqətən mənə çox kömək edib. Mən institutdan getdikdən sonra, müəyyən mənada, peşəmə uyğun olmayan işlə məşğul olurdum. Amma Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qazandığım biliklər, vərdişlər, o cümlədən xarici dilləri bilməyim artıq Prezident kimi mənə çox gərəkli oldu.
-Çox sağ olun.