Qüdrət Həsənquliyev: “Yeganə çıxış yolu marifçilik, məktəblər və tərbiyədir”
“Həqiqətən də Azərbaycanda məişət zorakılığı ilə bağlı vəziyyət ürəkaçan deyil. Təəssüf ki, problemlər var və bu bizim mentalitetimizdən qaynaqlanır. Eyni zamanda bu uşaqlara tərbiyə verməyimizdən, həm də məktəblərdən asılıdır”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili “o cümlədən ictimai rəy də imkan vermir ki, uşaqlar valideynlərindən şikayət eləsinlər, hətta valideynlərdən, ailədə olan digər böyüklərdən gileylənsinlər”, – deyə bildirib: “Bunun da yeganə çıxış yolu marifçilik, məktəblər və tərbiyədir. Yeni Azərbaycan Partiyasının kifayət qədər tanınmış nümayəndəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hörmətli Bahar Muradova çox təşəbbüskar olmalıdır. Ona görə ki, onun bu istiqamətdə daha çox iş görmək imkanları var. O cümlədən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da kifayət qədər hazırlıqlı şəxsdir. O da çox böyük iş görməlidir. Təəssüf ki, bu cür məsələlər həm də dinimizin düzgün təbliğ olunmamasından qaynaqlanır. Mən bunun dəfələrlə şahid olmuşam. Məktəblilərə həm geniş dini təhsil verilməlidir, həm də məişət zorakılığı ilə bağlı məsələlərə ciddi diqqət yetirilməlidir. Kütləvi İnformasiya Vasitələrində tanınmış şəxslər, millət vəkilləri mütəmadi olaraq ətraflı müzakirələr aparmaqla vəziyyəti dəyişə bilərlər.
Sonda Əhliman müəllimin (Əhliman Əmiraslanov) söylədiyi fikirlərə münasibət bildirmək istəyirəm. Əhliman müəllim bir az diqqətli olsaydı xatırlayardı ki, mən demişdim ki, bəli vaksinasiya bizdə bir çox ölkələrlə müqayisədə çox yaxşıdır. Amma eyni zamanda qeyd eləmişdim ki, vaxtında müqavilələr bağlansaydı vəziyyət daha yaxşı olardı. Bu sözlərin deyilişində böyük fərqlər var. Hesab edirəm ki, Azərbaycan dünya ölkələri ilə müqayisədə iqtisadi gücünə, valyuta ehtiyatlarına görə, daha öndədir. Daha çox valyuta ehtiyatları var. Biz çalışmalıyıq ki, vaksinləşmə prosesini sürətləndirək. Ona görə ki, bu prosesin yubadılması hansısa ailənin, bir nəslin faciəsinə gətirib çıxara bilər. Bəraət qazandırmaq əvəzinə bu işlərin sürətləndirilməsinə daha çox ehtiyac var”.
Əli Zülfüqaroğlu