“Həmsədrlər minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi üçün Ermənistana təzyiq edə bilərlər”
“Təəssüflər olsun ki, Ermənistan təxribatçı əməllərindən əl çəkmir. Bir müddət öncə baş vermiş sərhədyanı insident lokal xarakter daşıyırdı və bu təxribatın qarşısı Azərbaycan Ordusunun təmkini sayəsində alındı. Prinsipcə, Ermənistanın bu təxribatı real toqquşmaya gətirib çıxara bilərdi. Erməni təbliğatçıları isə qışqırmağa başladı ki, guya bu insidentdə günahkar deyillər”.
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Makron özünü Fransa Prezidenti kimi deyil, Fransa erməniləri ittifaqının başçısı kimi aparır”
Onun sözlərinə görə, Ermənistan ordusu bu gün demoralizə olunmuş vəziyyətdədir: “Ermənistan ordusunda alkoqollu vəziyyətdə döyüş növbəsinə çıxmaq halları reallıqdır. Əldə silah olan zaman müxtəlif insidentlərin baş verəcəyi gözləniləndir. Bu vəziyyət insan itkisinə, ən əsası da sülhün davam etməli olduğu yerdə genişmiqyaslı hərbi toqquşmalara səbəb ola bilər. Bir daha deyirəm ki, Ermənistanda baş verən hadisələr böyük həyəcan və narahatlıq doğurur. Ermənistanda destruktiv qüvvələrin qəfil fəallaşmasını müşahidə edirik. Bir sıra ölkələrdə erməni diasporunun nümayəndələrinin aktivləşdiyini görürük, hansı ki, həmin diaspor nümayəndələri ölkələrin siyasətinə təsir etməyə çalışırlar. Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi sağlam ideyaları ifadə edən qüvvələrlə yanaşı radikal qüvvələrin də aktivləşdiyini görürük. Faktiki olaraq faşizm ideyalarına xidmət edən bu qüvvələr Ermənistan parlamentinə düşməyə səy göstərirlər. Həmin qüvvələrin məqsədi öz faşist ideyalarını hakimiyyətə gəldikdən sonra dövlət siyasəti olaraq həyata keçirməkdir. Bu, yolverilməzdir. Təəssüflər olsun ki, Ermənistanda faşizm ideyalarının dövlət siyasətinə çevrilməsi vəziyyətinə bizim anti-Hitler koalisiyasında olan tərəfdaşlarımız heç bir reaksiya vermir. Bu gün Fransa Prezidenti Makron özünü Fransa Prezidenti kimi aparmır, o, sanki Fransa erməniləri ittifaqının başçısıdır. Başa düşüləndir ki, onun siyasi və şəxsi mövqeyi var. Lakin Makron bütün fransız xalqı adından danışmalıdır, milliyətcə erməni olan fransızların adından deyil. Baxın, həmin bu Fransa tərəfindən Ermənistanda faşist Qaregin Njdenin utancverici abidəsinin ucaldılması ilə bağlı heç bir etiraz bildirilməyib. Baxmayaraq ki, Fransa anti-Hitler koalisiyasının üzvü olub, faşizmin, nasizmin darmadağın edilməsinə böyük töhfə verib. İndi isə belə çıxır ki, Fransa Prezidenti dəvəquşu kimi başını torpağa soxub, sevimli Ermənistanında faşizmin, nasist cinayətkarların qəhrəmanlaşdırılmasını görmür. Bilirsiniz, bu məsələdə ardıcıl və konkret olmaq lazımdır. Simpatiya var, antipatiya var. Lakin faşizmin qəhrəmanlaşdırılması və nasizmin dirçəlməsi məsələsinin mühakimə olunmasında “ya” və “ya da” ola bilməz. Bu, qırmızı xətdir. Ya faşizmi dəstəkləyirsən, ya da onu mühakimə edirsən, burada yarımçıqlıq ola bilməz”.
“Fransanın Qarabağdakı artıq de-fakto mövcud olmayan qondarma rejimin müstəqilliyini tanımaq cəhdləri çirkin siyasi oyunun tərkib hissəsidir”
Rusiyalı hərbi ekspert Rusiya Prezidenti Vladimir Putin və Makron arasında bu həftə baş tutan telefon danışığından sonra Fransa tərəfinin yaydığı “Makron və Putin yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində yeni təşəbbüslər hazırlayacaqlar” barədə məlumatı isə belə şərh edib: “Dağlıq Qarabağ Azərbaycandır! Ona görə də, heç bir separatçı qurum, hakimiyyətə paralel struktur, qanunsuz erməni silahlı birləşmələri və erməni əsgəri Azərbaycan ərazisində olmamalıdır. Makron yenə də Ermənistanın tərəfində oynamağa çalışır. Hesab edirəm ki, Dağlıq Qarabağın statusu ilə bağlı məsələ artıq bitib. Üçtərəfli bəyanatda hər şey dəqiqliklə öz əksini tapıb. İndi Ermənistanı məcbur etmək lazımdır ki, üçtərəfli bəyanatın şərtlərini icra etsin. Ona görə də, hansısa siyasi prosesləri reanimasiya etmək cəhdləri, Qarabağdakı artıq de-fakto mövcud olmayan qondarma rejimin müstəqilliyini tanımaq cəhdləri çirkin siyasi oyunun tərkib hissədir. Rusiya bu oyunlarda iştirak etmir. Kreml Putin-Makron danışıqlarının məğzini dəqiq izah edib. Fransa tərəfinin yaydığı bu məlumat isə erməni lobbiçilərinin arzularını reallıq kimi təqdim etməsindən başqa bir şey deyil”.
“Minsk Qrupu həmsədrlərinin real gündəliyində mina xəritələrinin Azərbaycana verilməsi olmalıdır”
İ. Korotçenko Qərbin və Ermənistanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin yenidən dirçəldilməsi üçün fəallaşmalarına da münasibət bildirib: “Bu gün Minsk Qrupunun nə rolu olar bilər? Azərbaycan müharibədə qələbə qazanıb. Hansı danışıqlardan, qondarma rejimin hansı statusundan söhbət gedə bilər? Hadisələr artıq çox irəli gedib. İndi biz yeni geosiyasi reallıqda yaşayırıq. Bu yeni geosiyasi reallıq ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü, 30 ilə yaxındır Ermənistanın işğalı altında olan rayonlar üzərində suverenliyini bərpa edib. Açığını desək, mən ATƏT-in Minsk Qrupunun işini davam etdirməsinin mənasını görmürəm. Baxaq görək onlar nəyi müzakirə edə bilərlər. Məsələn, Minsk Qrupu ölkələrinin iclasını keçirib minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək üçün Ermənistana təzyiq edə bilərlər. Minsk Qrupu bu təşəbbüsü irəli sürsə, yaxşı olar. Yoxsa ki, “NKR”-in ölüsünü diriltmək yaxşı iş deyil. Bu, çirkin siyasi oyundur. Bu gün Minsk Qrupu həmsədrlərinin əsas işi minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən nə vaxt Azərbaycana veriləcəyini müzakirə etməkdir. Minsk Qrupunun real gündəliyində bu olmalıdır. Çünki insanlar həlak olur. Ermənistanın Azərbaycan ərazilərinə yerləşdiyi minalara dinc sakinlər, Azərbaycan vətəndaşları və Rusiya hərbçiləri düşərək həlak olurlar. Minsk Qrupu həmsədrləri bununla məşğul olmalıdır. Nədənsə minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycana təqdim olunmaması ilə bağlı prezident Makronun səsini eşitmirik, Avropa Parlamentinin Ermənistanı bu məsələ ilə bağlı mühakimə etməsini görmürük. Onlar niyə susurlar? Başqa məsələlərlə bağlı onlar qışqır-bağır salırlar, bu məsələ ilə bağlı isə ağızlarına su alıblar. Bu, ikili standart siyasətidir”.