• 26 Aprel 2024
logo
Azərbaycanın inkişafı regionun inkişafı üçün zəmin yaradır

Azərbaycanın inkişafı regionun inkişafı üçün zəmin yaradır

Artıq 1 ildən çoxdur ki, dünya XXI əsrin ən böyük bəlası olan, bəşəriyyəti lərzəyə salan, hər gün minlərlə insanı həyatdan aparan fəlakətlə mübarizəyə qalxıb. Amma təəssüf ki, hələlik bir nəticə yoxdur. Azərbaycanda da bir dövlət olaraq bu təhlükəli virusla, COVİD-19 pandemiyası ilə mübarizə aparmaq üçün dövlətin bütün potensialı səfərbər olunub. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilib. Bu gün yeganə ümidverici tədbir - əhalinin vaksinasiya olunması yüksək səviyyədə davam etdirilir. Yanvar ayından etibarən başlayan vaksinasiya uğurla həyata keçirilir və bu müddət ərzində 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalinin 14 faizinin əhatə olunması deməkdir. Təbii ki, bu prosesdə Prezident İlham Əliyevin əməyi və iradəsi danılmazdır.

Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edərək Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və tədbir uğurla keçirilmişdir. Eləcə də bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.

2021-ci il aprelin 26-da, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı edən Prezident İlham Əliyev bir sıra mühüm məsələlərə toxunaraq, vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsünü vurğulamış və qeyd etmişdir ki, bu qlobal təhdid yaradan tendensiyadır. “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53%-i 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Bu da çox ədalətsizlikdir. Buna görə də Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir. Öz növbəsində Azərbaycan artıq koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.

Tədbirdə çıxışı zamanı cənab İlham Əliyevin dəqqət çəkdiyi əsas məsələlərdən biri də 44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad olunması idi. 30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq təşkilatlardan, xüsusən də BMT-dən, ATƏT-in Minsk qrupundan gözləntiləri nəticə vermədi. Bu səbəbdən də sonda Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdi. 30 il ərzində xalqımız dəfələrlə düşmən təxribatı ilə üz-üzə qaldı, şəhidlər verdi. 2016-cı ilin aprelində ermənilərin törətdikləri təxribata cavab isə fərqli oldu. 4 günlük müharibə zamanı rəşadətli Azərbaycan Ordusunun güçü hiss olundu. Düşmən nəinki geri otuzduruldu, eləcə də torpaqlarımızın az da olsa bir hissəsi geri qaytarıldı. 2020-ci ilin sentyabrında düşmən tərəfindən törədilən təxribat sonuncu oldu. Sessiyada bu barədə dövlət başçımız 44 günlük müharibədən və gələcək planlardan danışdı. Sentyabrın 27-də Ermənistanın Silahlı Qüvvələrimizin mövqelərini və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutduğunu, Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüz həyata keçirdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qalıb. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirərək tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib.

Çıxışı zamanı İlham Əliyev Azərbaycanın bu haqq işinə dövlətlərin və beynəlxalq təşkilatların münasibətinə də toxundu və ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət etdi. “Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin dəfələrlə şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qalırdı. O səbəbdən də Azərbaycan bu missiyanı öz üzərinə götürdü və həll etdi.

Beləliklə də Ermənistanın işğalçı siyasətinə son qoyuldu. Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdır. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirmişdir. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır. 44 günlük Vətən müharibəsi zamanı isə bütün bunlara son qoyuldu. Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edildi. Müzəffər Ordunun gücünü görən düşmən dövlət 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatdı və münaqişə tarixdə qaldı”.

Azərbaycan xalqı və dünya müharibə başa çatandan sonra əsl dəhşətin şahidi oldu. Erməni işğalçılarının Azərbaycan torpaqlarında tarixdə görünməmiş vəhşilik, vandalizim aktları törətdiyi göz önünə sərgiləndi. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilib. Bu gün azad olunmuş torpaqlara baş çəkən insanlar dəhşətə gəlirlər, xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoyub, təhqir və qarət edib. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılıb. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilib.

Lakin nə qədər ağır və çətin olsa da, pandemiyanın fəsadlarına, iqtisadiyata vurduğu ziyana baxmayaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması və bərpa edilməsi, həmçinin ölkəmizin inkişafı davam edir. Çıxışı zamanı cənab Prezident onu da vurğuladı ki, Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır. Növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı müəyyən olunmuş milli prioritetlərə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” da daxildir. Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.

İşğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə müasir layihələr icra olunacaq və irimiqyaslı yenidənqurma işləri aparılacaqdır. Tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq.

Bir neçə gün əvvəl, cənab Prezidentin ailəsi ilə birgə Zəngilan və Cəbrayıl rayaonlarına səfəri zamanı bu layihələrin icrasına başlandığının şahidi olduq. Ən əsası da odur ki, bu layihələrin əsas icraçıları dost dövlətlərin – Türkiyə, Çin, İsrail, İtaliya və s. ölkələrin tanınməş şirkətləridir. Və tam əminliklə deyə bilərik ki, tez bir zamanda vətənini, millətini, xalqını sevən belə bir liderin rəhbərliyi ilə yenidən qurulmuş Qarabağın şahidi olacağıq.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Pənah İmanov

politoloq