• 8 Dekabr 2024
logo
Ermənistanın mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi Kanada XİN başçısının diqqət

Ermənistanın mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi Kanada XİN başçısının diqqət

Kanadalı Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) üzvləri Kanadanın xarici işlər naziri Mark Qarno ilə görüşüblər.

Görüş KAŞ-ın təşəbbüsü ilə baş tutub və videokonfrans formatında keçirilib.

Görüş zamanı nazir Qarnoya ötən ilin sentyabr-noyabr aylarında baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyün bərpa etməsi və hərbi əməliyyatların dayandırılmasından sonrakı vəziyyətlə əlaqədar məlumat verilib. Qeyd edilib ki, 30 ilə yaxın davam edən işğal müddətində Azərbaycanın bir çox şəhər və kəndləri, o ərazilərdə yaşamış əhalinin əmlakı Ermənistan tərəfindən talan edilib və dağıdılıb. Bu ərazilərdən məcburi surətdə köçürülmüş 800 000-dək azərbaycanlı hazırda geriyə qayıtmaq niyyətindədir və Azərbaycan bu istiqamətdə lazımi hazırlıq işlərini görməkdədir.

Lakin Ermənistan ordusu tərəfindən vaxtilə basdırılmış minalar mülki əhalinin geriyə qayıtmasını çətinləşdirir. Ötən müddət ərzində 20-dən artıq şəxs mina partlayışından həyatlarını itirib, 80-ə yaxın şəxs yaralanıb. Ermənistan tərəfi isə minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. Qeyd edilənləri nəzərə alaraq, Kanada hökuməti minaların təmizlənməsi işində Azərbaycana dəstək olmalı və Ermənistandan minalanmış ərazilərin xəritələrini verməyi tələb etməlidir.

Nazir Qarno deyilən fikirləri diqqətlə dinləyib və baş vermiş hərbi əməliyyatlar, eləcə də müharibədən sonrakı vəziyyətlə əlaqədar tam məlumatlı olduğunu bildirib. O, KAŞ-ın bu sahədə fəaliyyətindən xəbərdar olduğunu və qaldırılan məsələlərin vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, sözügedən məsələlər onun rəhbərlik etdiyi qurumun diqqətindədir və Kanada Xarici İşlər Nazirliyi bu məsələ barədə qərarlar qəbul etmək üçün çalışır.

Görüşdə KAŞ-ın İdarə Heyətinin üzvləri və Edmonton, Kalqari, Torontodan olan fəalları iştirak ediblər.

Qeyd edək ki, Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə bir sıra icma təşkilatları və fərdlər tərəfindən yaradılıb.

KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olmuş və intensiv görüşlər keçirib.