• 3 Dekabr 2021
logo
"Heç kəs cürət edib  Azərbaycanla hədə dilində danışa bilməz"

"Heç kəs cürət edib  Azərbaycanla hədə dilində danışa bilməz"

Azərbaycan Ordusu düşmənin istənilən təxribatına cavab verməyə, onu susdurmağa qadirdir. Düşmən 2016-cı il Aprel savaşını və 44 günlük müharibədə aldığı ağır və sarsıdıcı zərbələri unutmasın.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Mirsamir Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Prezidentin Cəbrayıl rayonu ərazsində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında söylədiyi fikirlərə münasibətində bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə xəbərdarlıq edib ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq: "Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək".
Politoloq qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə əldə olunan zəfər heç vaxt ermənilər və onların havadarlarının yadından çıxmayacaq: "Azərbaycan dünyaya gücünü, nəyə qadir olduğunu göstərdi. Xalq-hakimiyyət-ordu birliyi sarsılmaz olduğumuzu göstərdi. Bu gün rəzil olmuş və Azərbaycan qarşısında diz çökmüş bir Ermənistan var. Həmin ölkə yenə də təxribatlarından əl çəkmir. Orada olan bəzi revanşist qüvvələr yenə də sərsəm fikirlər söyləyir, hətta Azərbaycana qarşı ərazi iddialarında olurlar. Dəmir yumruq həmişə işğalçıların başı üzərində olacaq. Unutmasınlar ki, Azərbaycan ərazisində heç vaxt ikinci Ermənistan qurmaq onlara nəsib olmayacaq. Bir daha bu istəkdə olsalar, daha ağır zərbələr alacaqlar. Düşmən təxribat haqqında fikirləşməkdənsə, daxili qarşıdurma və çəkişmələrinə diqqət ayırsın. İşğalçı hakimiyyətin çirkin siyasəti nəticəsində rəzil olan millətin gələcəyi barədə fikirləşsinlər. Bundan sonra heç kəs cürət edib Azərbaycanla hədə dilində danışa bilməz".
Cavid