Fuad Hüseynzadə: “Bu, dövlət başçısı və birinci xanım tərəfindən dini abidələrimizə verilən dəyərin bariz nümunəsidir”
“İkinci Qarabağ müharibəsində Azərbaycan öz torpaqlarını erməni işğalından azad edərək tarixi ədaləti bərpa etdi. Bu qələbədən sonra işğaldan azad olunan rayonlarda Ermənistanın üzə çıxan vandallıq və insanlığa sığmayan vəhşilikləri dünyanı şoka salıb. Belə ki, Ermənistan təxminən bu 30 il ərzində işğalda saxladıqları Azərbaycan ərazilərində məscidləri, müqdddəs ocaqları təhqir ediblər, tarixi və mədəni abidələri dağıdıblar. Ermənistanın xüsusən müqəddəs yerləri, məcsidləri və ziyarətgahları dağıtması, təhqir etməsi islam aləm ilə yanaşı, bütün dünya dəyərlərinə qarşı edilmiş barbarlığın təzahürüdür”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə səsləndirib. O, bildirib ki, Ermənistanın bəşəri dəyərlərə etdikləri ən böyük hörmətsizlik qəbirstanlıqları dağıtmaları və qəbirləri qazıb insan sümüklərini aparmaları olub: “Hətta bir çox qəbir daşlarından pilləkən, döşəmə kimi istifadə ediblər. İşğaldan azad olunmuş bütün rayonlarda məzar yerləri düşmən tərəfindən dağıdılıb. Çox müsbət haldır ki, Prezident İlham Əliyevin təlimatına əsasən, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri təşkil edilir. Məqsəd həmin ərazilərdə erməni vandallığını xarici diplomatlara əyani şəkildə göstərməkdir. Belə səfərlərdə diplomatik korpus nümayəndələri işğaldan azad olunan dağıdılmış rayonlardakı qəbiristanlıqlara və erməni vəhşiliyinə məruz qalmış məscidlərə, dağıdılmış evlərə və digər ərazilərə baxırlar. Erməni barbarlığına şahidlik edən diplomatlar bu mənzərələrdən dəhşətə gəlirlər.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq, Fond tərəfindən Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı bu layihə çərçivəsində Zəngilan məscidinin bərpası işinə başlanılıb. Dövlət başçısı və birinci xanımın məscidin divarına daş hörmələri dini abidələrimziə verilən dəyərin bariz nümunəsidir. Prezident İlham Əliyev məscidlərimizin təhqir olunmasının bütün müsəlman aləminə, İslam dininə qarşı cinayət olmasını deməklə bütün müsəlman dövlətlərinə çağırış edib.
Təəssüf ki, ermənipərəst dairələr Ermənistanın Azərbaycanın torpaqlarını işğal edərək bütün infrastrukturu və tarixi, dini-mədəni abidələri dağıtmasına səssiz qalırlar. İşğal olunmuş ərazilərdə bir dənə də olsun salamat ev, qəbiristanlıq qalmayıb. Ermənistan rəhbərliyi və onun havadarları uzun illər bu vandallığı qapalı saxlayıblar. İşğal zamanı Azərbaycanın bu ərazilərinə qeyri-qanuni səfərlər edən beynəlxalq təşkilatların nümayəndələri də həmin faktları gizlədiblər. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla Ermənistanın bu talançılıq, vəhşiliklərini də dünyaya göstərdi. Artıq Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. İşğaldan azad olunmuş bütün ərazilərimizdə ardıcıl, planlı və məqsədyönlü şəkildə böyük quruculuq, tikinti işləri aparılacaq. Bundan sonra mülki insanlarımız 30 ildən artıq həsrətində olduqları doğma torpaqlarına qayıda biləcəklər”.
Əli Zülfüqaroğlu