Qüdrət Həsənquliyev: “Paşinyanın sorosçu dəstəsini başqa cür də müdafiə etmək mümkündür”
“Biz, həqiqətən çox xoşagəlməz bir hadisəni müşahidə elədik. Amerikanın keçmiş prezidenti Donald Tramp Co Baydeni “yuxulu Co” adlandırırdı. Doğrudan da Baydenin yuxudan ayılmasına və tarixi öyrənməsinə, reallıqlara nəzər yetirməsinə və ermənilərin yox, vicdanının səsinə qulaq asmasına çox böyük ehtiyac var”.
Bu fikirləri parlamentin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili “biz onun Azərbayacana yönəlik haqsızlığı ilə hələ 1992-ci ildə üzləşmişik”, - deyə əlavə edib: “Ermənilər Xocalıda dəhşətli soyqırım törətdilər. Amma Amerika Birləşmiş Ştatları buna münasibət bildirmədi. Azərbaycan torpaqlarının işğalına, Dağlıq Qarabağda, Ermənistanda aparılan etnik təmizləmə siyasətinə heç bir münasibət bildirmədilər, reaksiya vermədilər. Əvəzində isə, 1992-ci ilin payızında biz, işğal altında olan bir neçə yaşayış məntəqəsini işğaldan azad edəndə “Azadlığa Yardım Aktına” 907-ci düzəlişi qəbul edib, Azərbaycana sanksiya tətbiq etdilər. Çoxları soruşur ki, niyə Co Bayden “erməni soyqırımı” sözünü işlətdi? Ona görə ki, onlara bu günkü Türkiyənin apardığı müstəqil siyasət sərf eləmir və onları qıcıqlandırır. Onlara 1992-ci ildəki Türkiyə lazımdır. 1992-ci ildə Azərbaycan torpaqları işğal olunanda Ermənistana taxıl göndərilməsi üçün Türkiyə rəhbərliyinə təzyiq etdilər. Beləliklə də onları bu cür alçaltdılar. Yəni bir tərəfdən onların qardaşlarının torpaqları işğal olunur, digər yandan Türkiyə işğalçı dövlətə taxıl göndərərək yardım edir. Onlara belə bir Türkiyə lazımdır. Ona görə də, onlar Türkiyənin müstəqil siyasətindən qıcıqlanırlar. Amma 79 yaşlı Bayden nəzərə almalıdır ki, onun yaşının elə bir dövrüdür ki, o, dünyada sülh üçün çalışmalıdır və bu cür adla bu dünyadan köçməlidir. Əgər ermənilərə dəstək vermək istəyiridilərsə, bunun başqa yolunu tapmalıydılar. Paşinyanın sorosçu dəstəsini başqa cür də müdafiə etmək mümkündür. Ermənistanın Azərbaycana yönələn torpaq iddialarından qaynaqlanan bu münaqişədə onlar bu açıqlamaları ilə yadda qaldılar. Fransa senatının sədrinin açıqlaması ilə Fransa, Baydenin açıqlaması ilə ABŞ artıq vasitəçilik missiyasını yerinə yetirmək üçün öz mənəvi haqlarını itiriblər. Bunu açıq və uca səslə deməliyik. Sonda mən məmnun oldum, xalqımız da çox məmnun oldu ki, Azərbaycan prezidenti Türkiyə prezidentinə, siz, (spiker Sahibə Qafarova) Türkiyə Böyük Millət Məclisinin sədrinə müraciət etdiniz. Azərbaycanda 48 siyasi partiya birgə bəyanatla çıxış etdi. Qeyri Hökumət Təşkilatları, ziyalılar, media nümayəndələri bu məsələyə münasibət bildirdilər...”.
Əli Zülfüqaroğlu