Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilana səfər çərçivəsində Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidinə gəliblər.
Memar görülən işlər barədə məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına uyğun olaraq, Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət olan komissiya məscidin mövcud binasını qiymətləndirib: “Həmçinin bir şeyi də qeyd etmək istəyirəm ki, məşhur Otelye Kummer Agentliyinin nümayəndələri buraya qısamüddətli missiya ilə gəlmişlər və mövcud binanı qiymətləndirmişlər. Hazırda bizim tərəfimizdən mövcud binanın konservasiyası və bərpası ilə bağlı təkliflər hazırlanır, o cümlədən, bu ərazidə yeni məscidin tikilməsi ilə bağlı təkliflərimizi və layihəni hazırlamışıq”.
Prezident İlham Əliyev: Yenidən, yoxsa qiymətləndirmə nə göstərir? Daşlar belə salamat daşlardır.
Memar: Biz təklif edərdik ki, daha geniş ərazidə yeni məscid tikilsin. Burada ümumi ərazi 50 sota yaxındır, cənab Prezident. Bu köhnə bina konservasiya olunandan sonra həmin məscid-kompleksin içində qalsın.
Prezident İlham Əliyev: Baxın, ola bilər ki, əgər bu daşlar, divarlar belə sağlamdırsa, bəlkə bunun üstünü bağlamaq, onu da etmək olar. Təkliflər hazır olanda.
Birinci xanım Mehriban Əliyeva: Balaca məscid olub, yəqin ki, balaca da olmalıdır.
Prezident İlham Əliyev: Balaca, özü də birmərtəbəli olub, kümbəz o qədər də böyük olmayıb.
Birinci xanım Mehriban Əliyeva: Minarəsi də olmayıb.
Memar: 1988-ci ildə, sovet dönəmində həmin bina qiymətləndirilib.
Prezident İlham Əliyev: Şəkili olub? Yoxsa tapılmadı?
Memar: Sxemləri var.
Prezident İlham Əliyev: Sxemləri var o vaxtdan?
Memar: Bəli. 1988-ci ilin məlumatlarıdır.
Prezident İlham Əliyev: Belə olub. Faktiki olaraq bunun bir divarını və dam örtüyünü uçurublar. Üst divar qalıb.
Birinci xanım Mehriban Əliyeva: Onlar təkliflərdir?
Memar: İlkin təkliflərdir.
Prezident İlham Əliyev: Elə bu daşdan tikilib.
Birinci xanım Mehriban Əliyeva: Həmin daşdan, içərisi də belə olmuşdu. Təkliflərdə o əski divarlar içində qalır?
Memar: Bəli, kompleks kimi yaradılır.
Prezident İlham Əliyev: Bu divarlar içində qalır.
Memar: Bu, əlavə tikili idi. Sonradan tikilib, sovet dönəmində, 1930-cu illərdə.
Prezident İlham ƏIiyev: Əsas bina orada olub?
Memar: Bəli, burada məktəb olub, sonra təsərrüfat məqsədləri ilə o binadan istifadə ediblər.
Prezident İlham Əliyev: Necə olub, elə də bərpa etmək lazımdır.
Daha sonra dövlətimizin başçısı və birinci xanım məscidin divarına daş hörüblər.