• 20 Aprel 2024
logo
Ulu Öndərin daha bir vəsiyyəti gerçəkləşir: Zəngəzur dəhlizi

Ulu Öndərin daha bir vəsiyyəti gerçəkləşir: Zəngəzur dəhlizi

44 günlük Vətən müharibəsi Azərbaycanın möhtəşəm zəfəri ilə başa çatdı, 30 illik həsrətə son qoyuldu, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Müzəffər Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi və torpaqlarımız düşmən tapdağından azad olundu. Rəşadətli ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən təslim olmağa məcbur oldu və nəticədə 2020-ci il noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanatın 9-cu bəndi Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edi ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Bu sözləri dövlət başçısı deyir. Sənədlərə, tarixi həqiqətlərə söykənərək. Qeyd olunduğu kimi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi əsas yaradır. Moskva bəyanatında kommunikasiyaların bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Ona görə də Ermənistan baş nazirinin aprelin 8-də Moskvaya etdiyi səfərindən əvvəl kommunikasiyaların açılmasının sürətləndirilməsi məqsədilə yeni üçtərəfli sənədin imzalanacağı haqda da fərziyyələr irəli sürülürdü.

Əslində Zəngəzur dəhlizi ideyası Azərbaycan tərəfinin hələ 70-ci illərdən xüsusi diqqətində olub. 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu bu ideyanın həyata keçməsi istiqamətində atılan ilk addım idi. Son dövrlər Ermənistan mediası qeyd edib ki, o zamanlar Heydər Əliyevin həyata keçirmək istədiyi bu layihə əslində “türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı. Azərbaycan xalqının qatı düşməni Zori Balayan da özünün bədnam “Ocaq” əsərində bu yolun bağlanmasını zəruri sayır, onu Turan yolu adlandırırdı. Ona görə də o vaxtlar Ermənistan KP MK katibi katibi işləyən Dəmirçiyanın etirazlarından sonra layihənin icrası dayandırıldı. Lakin indi Azərbaycan məqsədinə çatdı”. Zəngəzur dəhlizinin bərpa edilməsi də Prezident İlham Əliyev Şuşanın azad olunması kimi ata vəsiyyətinin yerinə yetirilməsi, Ulu Öndərin müəyyən etdiyi strateji hədəfə çatmaq deməkdir.

Bu gün Zəngəzur dəhlizi ilə bağlı ideyaların həyata keçirilməsini qısqancıqla qarşılayan, hətta əleyhinə çıxanlar da var. Çünki bu dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsi deməkdir. Hələ bu dəhlizinin əhəmiyyəti haqqında Prezident İlham Əliyev 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən Zirvə görüşündə söz açmışdı və bildirmişdi ki, Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi.

Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün də əhəmiyyətlidir.

Bu səbəbdən də, Azərbaycanın dövlət başçısı İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik liderdir. Türk birliyi məhz onun təşəbbüsləri ilə sırf praqmatik maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Bu yaxınlarda Süveyş kanalında baş verən hadisələr zamanı dünya iqtisadiyyatına milyardlarla ziyan dəyməsi bu dəhlizin əhəmiyyətini bir daha göstərdi.

Elə bir müddət əvvəl, martın 31-də baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxış edən cənab Prezident bildirmişdir ki, “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.

Azərbaycanın müəllifi və yaxıd həmmüəllifi olduğu və uğurla həyata keçirdiyi enerji təhlükəsizliyi, ekoloji tarazlıq və bir sıra digər beynəlxalq layihələr kimi Zəngəzur dəhlizinin də həm regional, həm də beynəlxalq əhəmiyyəti çox böyükdür. Bu dəhlizin bərpa edilməsi nəticəsində regionun geosiyasi konfiqurasiyanın dəyişəcəyi haqda dünya mətbuatı, xüsusən də maraqlı olan region (Gürcüstan, İran, Türkiyə və Rusiya), eləcə də regionda marağı olan Qərb, ərəb dövlətləri, həmçinin Çin KİV-lərində çoxsaylı yazılar dərc edilir. Abxaziyadan keçən dəmir yolu xətlərinin açılması yenidən gündəmə gətirilir. Hətta 44 günlük müharibənin nəticələri qapalı şəkildə Gürcüstan parlamentində müzakirə olunub.

Bir sözlə, rəsmi Bakı həmişə olduğu kimi indi də beynəlxalq və regional əməkdaşlığın tərəfdarıdır. Hətta bu əməkdaşlıqda Ermənistanın da iştirakına maraqlıdır. Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı nitqində bəyan edir ki, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir... Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Hələ 2018-ci ilin fevralında YAP-ın VI qurultayındakı Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, “tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”.

Prezident İlham Əliyevin son çıxışları bəzi dairələrdə sərhədlərin yenidən cızılması kimi qiymətləndirilməkdədir. Bu cür qiymətləndirmənin əsassız olduğunu bəri başdan nümayiş etdirmək üçün cənab Prezident ADA Universitetində keçirilmiş görüşdə bildirib ki, “mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq?”

Öz çıxışında cənab Prezident tarixi torpaqlara qayıdış strategiyasının “yol xəritəsi” də açıqlayır: Azərbaycan o torpaqlara təzminat və digər iqtisadi rıçaqlarla qayıdacaq.

Pənah İmanov

Xətai rayon İcra Hakimiyyəti, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri