• 30 Noyabr 2021
logo
Mustafa Şəntop: “Qarabağ zəfərində Azərbaycanla Türkiyənin ortaq strateji tərəfdaşlığı önəmli rol oynayıb”

Mustafa Şəntop: “Qarabağ zəfərində Azərbaycanla Türkiyənin ortaq strateji tərəfdaşlığı önəmli rol oynayıb”

“İkinci Qarabağ müharibəsi başladığı ilk vaxtlarda Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi müharibə cinayətlərinin, dinc insanların necə qətlə yetirildiyinin, yaşayış yerlərinin qadağan olunmuş silahlarla necə dağıdıldığının Azərbaycana səfərimiz zamanı canlı şahid olduq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun “İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel müzakirəsinin açılışında çıxışı zamanı bildirib.

M.Şəntop deyib ki, TBMM-in İnsan Haqlarını Araşdırma Komissiyasının “Ermənistanın Azərbaycana hücumu ilə başlayan gərginlik və münaqişə prosesində yaşanan hüquq pozuntuları və Türkiyədəki ermənilərə təsiri” mövzusunda araşdırması çərçivəsində komissiya üzvləri Ermənistan tərəfindən hücuma məruz qalan Gəncə, Tərtər və Bərdəyə səfər edərək faktlarla tanış olublar: “17 oktyabrda Ermənistan Gəncəyə orta mənzilli raketlərlə hücum edərək 14 mülki şəxsi öldürüb, 57-ni isə yaralayıb. Bu hücumlarda 20 binanın tamamilə yerlə-yeksan oldu, 4 uşaq bağçası, bir orta məktəb və bir uşaq xəstəxanası dağıdıldı”, deyən TBMM sədri bildirib ki, hadisə yerindən əldə etdikləri bütün faktlar sənədləşdirilib.

Qarabağ məsələsinin kökünün XIX əsrin sonu və XX əsrin əvvəllərinə gedib çıxdığını söyləyən Şentop, bölgədə erməni terroru nəticəsində Azərbaycan türklərinin soyqırımlara məruz qaldığına diqqət çəkib: “1905, 1917, 1920, 1940, 1988 və 1992-ci illərdə Qarabağ və Naxçıvanda ermənilərin türkləri qətlə yetirməsi "böyük Ermənistan" xəyalını gerçəkləşdirmək üçün törədilən soyqırımlardır”.

M.Şəntop deyib ki, bu hesabat, tarixə obyektiv baxış və məsələ ilə elmi əsaslarla məşğul olmaq əsasında hazırlanıb: “Ermənistan müharibə cinayətlərini törədir və bu cinayətlərin qurbanları türklər, müsəlmanlar olduqda beynəlxalq hüquq lazım olan səviyyədə işləmir. Amma komissiyamızın hazırladığı hesabatda Ermənistan tərəfindən törədilən müharibə cinayətləri faktlara və dəlillər söykənib”.

TBMM sədri deyib ki, Ermənistanın Qarabağı beynəlxalq hüquqa zidd şəkildə işğal etdiyi açıq fakt olmasına baxmayaraq problemin həllinə məsul olan Minsk Qrupu 30 il ərzində müsbət istiqamətdə heç bir fəaliyyət göstərməyib: “Ermənistanın terror hücumlarına rəğmən Azərbaycanla Türkiyənin dəfələrlə Cənubi Qafqazda münaqişənin həlli üçün danışıqlar və diplomatik yol təklif etsə də Ermənistan bunu qəbul etməyib. Keçən ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətinə etdiyi terror hücumları, ən son 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutması Azərbaycan Ordusunu öz torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirməyə vadar etdi və işğalçı erməni silahlı qüvvələri Qarabağdan qovuldu”.

M.Şəntop bildirib ki, Qarabağ zəfərində Azərbaycanla Türkiyənin ortaq strateji tərəfdaşlığı səmərəsini verib və Qarabağ probleminin həllində bu müttəfiqlik önəmli rol oynayıb: “Cənubi Qafqaz beynəlxalq hüququn bərpası ilə münaqişə zonası olmaqdan çıxıb. Qarabağ zəfəri Ermənsitanın “Böyük Ermənistan” xəyalını puç edib”.