• 7 Dekabr 2024
logo
Ombudsman: “1915-ci il hadisələrinin “genosid” adlandırılması beynəlxalq hüquqi baxımdan tamamilə yanlışdır”

Ombudsman: “1915-ci il hadisələrinin “genosid” adlandırılması beynəlxalq hüquqi baxımdan tamamilə yanlışdır”

ABŞ Prezidenti Co Baydenin verdiyi bəyanatda 1915-ci il hadisələrinə münasibətdə "genosid" terminindən istifadə etməsi nə tarixi, nə də hüquqi əsasa söykənmir, konkret siyasi məqsədlərə xidmət edir.

Bu barədə Ombudsman Aparatından APA-ya verilən məlumatda bildirilib.

“Məlum olduğu kimi, genosidin beynəlxalq cinayət kimi hüquqi əsasları 1948-ci ildə BMT tərəfindən "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyası" ilə müəyyən edilib. Həmin Konvensiya özündə onun retrospektiv tətbiqinə imkan verən müddəalar nəzərdə tutmur. Bu baxımdan hətta İkinci Dünya müharibəsi illərində yəhudilərə qarşı törədilmiş cinayət əməlləri genosid kimi deyil, insanlıq əleyhinə cinayət və ya müharibə cinayəti kimi tövsif edilib. Eyni zamanda, Nürnberq hərbi tribunalının Nizamnaməsində "genosid" termini işlədilməyib.

Genosidlə bağlı ilk məhkəmə hökmü yalnız 1998-ci ildə Ruanda tribunalı tərəfindən, daha sonra Yuqoslaviya tribunalı tərəfindən çıxarılıb. Qeyd etmək istərdik ki, Birinci Dünya müharibəsindən sonra, 1919-1920-ci illərdə Maltada Osmanlı imperiyası rəsmiləri tərəfindən ermənilərə qarşı cinayət ittihamlarını nəzərdən keçirmək üçün xüsusi tribunal yaradılmış, britaniyalı hakimlər tərəfindən həyata keçirilən məhkəmə prosesində etnik zəmində hər hansı kütləvi cinayətin törədilməsi faktı təsdiq olunmayıb.

Bununla yanaşı, Türkiyə hökuməti dəfələrlə öz arxivlərini açıq elan edərək beynəlxalq ekspertləri araşdırmaya dəvət etmişdir. Təbii ki, bütün bunların yalan və uydurma olduğunu yaxşı bilən ermənilər və onların havadarları bu təkliflərdən heç vaxt yararlanmamış, əksinə ikili standartlara söykənən siyasət yürüdüblər.

Bu baxımdan bir daha bəyan edirik ki, 1915-ci il hadisələrinin "genosid" adlandırılması beynəlxalq hüquqi baxımdan tamamilə yanlışdır, heç bir hüquqi və tarixi əsası yoxdur”, - deyə məlumatda qeyd olunub.