• 19 Aprel 2024
logo
Araik Arutunyan “İskəndər” raketi deyil...

Araik Arutunyan “İskəndər” raketi deyil...

Hərbi cani Araik Arutunyanın Moskvaya çağırılması ilə bağlı məlumatlar Azərbaycan mediasında geniş müzakirə olunsa da, Ermənistanda marionet separatçının səfəri, bir neçə müxalif internet resursu istisna olmaqla, demək olar ki, diqqətdən kənarda saxlanılıb. Baxmayaraq ki, Arutunyanın ötən il noyabrın sonunda Rusiyanın paytaxtına səfəri ətrafında ciddi ajiotaj yaradılmışdı. Təbii ki, hazırda Ermənistanda və Azərbaycanın etnik ermənilər yaşayan ərazilərində gündəm qondarma soyqırımıdır. Arutunyan dünən gecə hayların saxta faciəsi ilə bağlı Xankəndidə keçirilən və Rusiya sülhməramlılarının fransız qaldıqları “məşəl yürüşü”ndə iştirak etməyib. Ermənistan mediası marionet separatçının qondarma soyqırımı ilə bağlı tədbirdə də iştirak etməyəcəyini yazır.

Ola bilsin ki, səfərin qondarma soyqırımı günü öncəsi həyata keçirilməsi onun diqqətdən kənarda qalmasına xidmət edir. Çünki erməni “Teleqram” kanalları Araikin Moskvaya “xüsusi xidmət orqanları” tərəfindən çağırıldığını, burada ona Paşinyanın tapşırıqlarını yerinə yetirməmək tapşırığı verildiyini” iddia edirlər.

Başqa bir iddiada bildirilir ki, səfər Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovla bağlıdır. Kreml Rüstəmin yanına bir admiral da qoşacaq və Araiki də bu səbəbdən Moskvaya çağırıblar. Qeyd edim ki, bütün bu iddialar ermənilərə məxsus olan, yaxud məxsus olduğu təəssüratı yaradılan “Teleqram” kanalları vasitəsilə yayılan məlumatlarda yer alıb. Ermənistanın istər ermənidilli, istərsə də rus, yaxud ingilisdilli media resurslarında bu barədə heç nə deyilmir.

İndisə keçək mətləbə... Araik Arutunyanın müharibə canisi olduğu, haqqında Azərbaycanda cinayət işi açıldığı və beynəlxalq axtarışa verildiyi hər kəsə bəllidir. Belə bir şəxsin Moskvaya səfərinin Azərbaycanda doğuracağı neqativ reaksiya da həmçinin... O zaman ortaya olduqca sadə və birmənalı cavab istəyən sual çıxır: Araik Arutunyanın Moskvaya səfərinin təşkil edilməsinin Azərbaycanda neqativ reaksiya doğuracağı, belə bir faktın ölkəmizdə, xüsusilə də ictimaiyyət arasında Rusiyaya olan az etimadlı, yaxud etimadsız münasibətə kəskin təsir göstərəcəyi məlum olduğu halda, bu hərbi cinayətkar şimal qonşumuzun paytaxtına hansı səbəblərdən çağırılır?

Bu səfəri kimlər təşkil edir? Və görəsən həqiqətən də yüksək siyasi rəhbərliyin icazəsi olmadan “quşun belə uçmadığı” Rusiyada Azərbaycanda ağır hərbi cinayətlərə görə ittiham olunan bir şəxsin Moskvaya səfəri hansısa dairələrin şəxsi təşəbbüsü ilə həyata keçirilib? Əgər keçirilibsə, bunda məqsəd nədir?

Hərbi cani Araik Arutunyanın Moskvaya onun “beynini yumaq” üçün aparıldığı barədə “Teleqram” kanalları vasitəsilə yayılan məlumatlar, şübhəsiz ki, əsassızdır. Əvvəla, Araikin “beynini” çoxdan “yuyublar”. Yox əgər “beyinyuma” əməliyyatına təkrar ehtiyac duyulurdusa, bunu Xankəndində, yaxud İrəvanda da etmək mümkün idi. Digər tərəfdən, “Teleqram” kanalları vasitəsilə yayılan şərh və məlumatlarda, guya Araik Arutunyanın Nikol Paşinyana qulaq asmasının səbəbinin Xankəndində inşa edilən binalarla bağlı olduğu və guya yaşayış binalarının tikintisinə ayrılan maliyyənin Araik Arutunyanı Nikol Paşinyandan asılı vəziyyətə saldığı barədə “əsaslandırmalar” da, belə feyk məlumatların Solovyov kimi ucuz propoqandaçıların mətbəxində hazırlandığı təəssüratını yaradır. Xankəndində binaların kim tərəfindən inşa edildiyini və bu prosesdə Araikin prorabdan da az səlahiyyətə malik olduğunu, zatən hər kəs bilir.

O zaman “iti qovan kimi qovulan” Araikin Moskvada nə iti azıb?

Bəlli ki, bu səfər Azərbaycanı qıcıqlandırmaq məqsədi daşıyır. Səfərlə bağlı izahatın verilməməsi də həmçinin, etirazların daha kəskin xarakter almasına yönəlib. Hər halda, Araik Arutunyan “İskəndər” raketi deyil...

Araik Arutunyan Moskvaya İrəvandan uçub, şübhəsiz? Hansı pasportla? Hansısa qondarma rejimin verdiyi kağız parçasıyla? Məlumdur ki, rəsmi Rusiya hüquqi baxımdan, Azərbaycan ərazisində hansısa qondarma, oyuncaq rejimin mövcudluğunu qəbul etmir və edə də bilməz! Təbii ki, həmin o qondarma, qanunsuz və 44 günlük müharibə nəticəsində varlığına son qoyulmuş rejimlə Rusiya arasında pasport-viza rejimi ilə bağlı hər hansı razılaşma da mövcud deyil. Əgər Arutunyanın səfəri hansısa qondarma rejimin kağız parçası ilə gerçəkləşibsə, bu o deməkdir ki, səfər Rusiya qanunlarının kobud şəkildə pozulması ilə reallaşıb. Yəni ortalıqda cinayət faktı var.

Yox, əgər Araik Arutunyan Rusiyaya Ermənistan pasport ilə gedibsə, bu o deməkdir ki, Rusiya, yaxud bu ölkədəki hansısa müstəsna səlahiyyətlərə malik olan dairələr 10 noyabr 2020-ci il bəyanatının prinsiplərinə rəğmən, Azərbaycan ərazisində Ermənistanın hərb-siyasi mövcudluğunu qəbul edirlər.

Məsələnin hüquqi tərəfinə gəldikdə isə, Araik Arutunyan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında Müqaviləyə əsasən, ölkəmizə təhvil verilməliydi. İndi bunun Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan ərazilərində həyata keçirilməsinin hüquqi cəhətdən mümkünsüzlüyünü, hərbi cinayətkarın yaxalanmasının sülhməramlıların səlahiyyətinə aid olmadığını başa düşdük. Hərçənd ki, Rusiya sülhməramlıları Azərbaycan ərazilərində səahiyyətlərinə aid olmayan bütün işlərlə məşğul olurlar. Amma yenə də olsun...

Arutunyanın səfəri MDB-yə üzv ölkələr arasında 1999-cu ildə imzalanmış terrorizmə qarşı mübarizədə əməkdaşlıq haqqında Müqaviləyə də ziddir və bu sənədə əsasən, Azərbaycanın mülki vətəndaşlarına qarşı terrorizm aktları törətdiyi sübuta yetirilmiş terrorçu-separatçı dərhal göz altına alınaraq, Azərbaycana ekstradisiya olunmalıydı. MDB-yə üzv olan ölkələrin 2002-ci ildə Kişinyovda qəbul etdikləri hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında Konvensiya da Rusiyanın qarşısında Arutunyanın həbs edilərək Azərbaycana təhvil verilməsi öhdəliyini qoyur.

Amma məlum olduğu kimi, Araik Arutunyan müharibədən sonra 2 dəfə Rusiyanın paytaxtına səfər edib və “ona gözün üstə qaşın var” deyən olmayıb və bəlkə də terrorçunun Azərbaycanın günahsız mülki vətəndaşlarının qanına bulaşmış əlini öpüb gözlərinin üstünə qoyublar.

Qeyd edim ki, Hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməməsi haqqında Konvensiya da Araik Arutunyanın həbs edilərək Azərbaycana təhvil verilməsini tələb edir.

Xatırladım ki, Araik Arutunyanın əməllərinin siyasi cinayətlərlə əlaqələndirilməsi və bundan bəhanə kimi istifadə edilməsi də mümkün deyil. Çünki Rusiyanın da qoşulduğu Ekstradisiya haqqında Avropa Konvensiyasına dair Əlavə Protokolda bildirilir ki, “Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1948-ci il dekabrın 9-da qəbul etdiyi Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında Konvensiyada göstərilmiş bəşəriyyət əleyhinə cinayətlər”, həmçinin “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında 1949-cu il tarixli Cenevrə Konvensiyasının 50-ci maddəsində, Dənizdə silahlı qüvvələr tərkibindən yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında 1949-cu il tarixli Cenevrə Konvensiyasının 51-ci maddəsində, Hərbi əsirlərlə rəftar haqqında 1949-cu il tarixli Cenevrə Konvensiyasının 130-cu maddəsində və Müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il tarixli Cenevrə Konvensiyasının 147-ci maddəsində göstərilmiş xətalar” siyasi cinayətlər sayılmırlar və belə əməlləri törədən şəxslər göz altına alınaraq, cinayət əməlinin törədildiyi ölkəyə ekstradisiya olunmalıdırlar.

Arutunyanın səfərində boy verən məqamlardan biri də separatizmlə bağlıdır. Separatizmin nə olduğunu öz təcrübəsində görən və bu cinayət əməlinə münasibətdə ən sərt tədbirlərə əl atan Rusiyanın müharibə cinayətkarını, separatçını öz ərazisinə buraxması başadüşülən deyil.

Bütün bunlar isə Rusiyanın etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərindəki sülhməramlı missiyasını ciddi şəkildə şübhə altına alır və böldədə davamlı sülhün təmin edilməsi üçün müstəsna əhəmiyyət daşıyan etimad mühitini zədələyir.

Elçin Mirzəbəyli