• 19 Mart 2024
logo
İsrail səfirinin müavini Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

İsrail səfirinin müavini Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib - FOTO

İsrailin Azərbaycandakı səfirinin müavini Doron Peer Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, diplomat erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var.

Burada quraşdırılmış monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikanın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Cənab Peer Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra “Xatirə” kitabına ürək sözlərini yazıb.