• 8 Dekabr 2021
logo
Belarus səfiri: “Azad edilən ərazilərdə gördüklərimiz dəhşət doğurur”

Belarus səfiri: “Azad edilən ərazilərdə gördüklərimiz dəhşət doğurur”

Bu gün Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Veteranlar Təşkilatının qonağı olub.

Təşkilatdan bildirilib ki, qurumun sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən səfir Andrey Ravkov Azərbaycan və Belarus xalqları arasındakı tarixi dostluq əlaqələrindən danışıb, xalqlarımızın Böyük Vətən Müharibəsində faşist işğalçılarına qarşı apardığı birgə mübarizədən bəhs edib.

Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu bildirən Andrey Ravkov bu münasibətlərin inkişafının hər iki xalqın maraqlarına uyğun olduğunu qeyd edib.
Andrey Ravkov Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər etdiklərini, gördükləri mənzərənin dəhşət doğurduğunu vurğulayıb.

Fatma Səttarova Azərbaycan və Belarus prezidentləri arasındakı dostluq münasibətlərinə diqqət çəkib və bildirib ki, iki dövlət başçısı arasındakı bu dostluq xalqlarımız üçün də nümunədir.

Daha sonra Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində erməni faşizminə qarşı apardığı mübarizəyə toxunan Fatma Səttarova, Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusunun işğalçıları məğlub edərək torpaqlarımızdan qovduğunu, xalqımıza qələbə sevinci yaşatdığını bildirib.

Cəlil Xəlilov Böyük Vətən Müharibəsində Belarusun müdafiəsində, o cümlədən Brest və Minsk şəhərlərinin faşist işğalından azad edilməsində azərbaycanlıların yaxından iştirak etdiyini söyləyib.

Cəlil Xəlilov Azərbaycan və Belarus dövlətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə ciddi əməkdaşlıq etdiyini, ordumuzun arsenalında Belarus istehsalı olan texnikaların mövcud olduğunu diqqətə çatdırıb. Polkovnik qeyd edib ki, iki dövlət arasında hərbi müstəvidə əməkdaşlıq davam edir və bu əməkdaşlıq hər iki dövlətin marağına tamamilə uyğundur.