• 27 Aprel 2024
logo
Vətən müharibəsində itkin düşmüş 386 hərbçidən 362-nin meyiti tapılaraq yaxınlarına təhvil verilib

Vətən müharibəsində itkin düşmüş 386 hərbçidən 362-nin meyiti tapılaraq yaxınlarına təhvil verilib

2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusunun itkin düşdüyü müəyyən olunub, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Bu barədə APA-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş 362 nəfər hərbi qulluqçumuzun meyitlərinin olduğu ərazilər və basdırıldığı yerlər müəyyənləşib, şəhidlərimizin meyitləri ərazilərdən götürülərək, o cümlədən basdırıldıqları yerlərdən çıxarılaraq müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.