• 6 Dekabr 2024
logo
Milli Məclisin deputatları Avronest PA-nın 9-cu sessiyasında iştirak ediblər

Milli Məclisin deputatları Avronest PA-nın 9-cu sessiyasında iştirak ediblər

Aprelin 19-da Avronest Parlament Assambleyasının (PA) 9-cu sessiyası öz işinə başlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sessiyanın birinci günündə qurumun daimi komitələrinin onlayn formatda iclasları keçirilib. Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildiriblər.

Qurumun Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin onlayn iclasında “Demokratik proseslərin möhkəmləndirilməsində siyasi partiyaların, vətəndaş cəmiyyətinin, ədalətli seçki mühitinin, eyni zamanda, azad və plüralist KİV-lərin rolu”, Şərq tərəfdaşlığı çərçivəsində regional əməkdaşlıq məsələləri, “Qanunun aliliyi və məhkəmə islahatları demokratiya və iqtisadi inkişafın təməli kimi” mövzularında təqdimatlar olub. Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb.

Müzakirələrdə fəal iştirak edən Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, deputatlar Cavanşir Feyziyev və Tural Gəncəliyev regional münaqişələrlə, postsovet ölkələri ilə bağlı məsələlərə münasibət bildiriblər, təkliflərini diqqətə çatdırıblar.

Azər Kərimli Cənubi Qafqaz bölgəsində Rusiyanın son zamanlardakı rolundan bəhs edərək deyib ki, ötən ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanat Ermənistanla Azərbaycan arasında 30 il davam edən münaqişəyə son qoydu. Bildirib ki, bəyanatda yalnız hərbi əməliyyatların dayandırılmasını deyil, Azərbaycan ərazilərinin tamamilə işğaldan azad olunmasını təmin edən mühüm müddəalar yer alır. Rəsmi Moskva yalnız iki ölkə üçün deyil, bütün bölgə üçün yeni reallıqların yaradılmasına töhfəsini verdi.

Azərbaycan parlamentinin nümayəndəsi qeyd edib ki, Avropa qurumlarının, xüsusən də, ATƏT-in münaqişənin sülh yolu ilə həllinə kömək edə bilmədiklərinə və bəzi hallarda münaqişəyə qərəzli, birtərəfli yanaşdıqlarına baxmayaraq, Rusiya münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində hər iki ölkəyə kömək etdi.

Çıxışında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu il aprelin 14-də Ermənistana səfər edərək özünü qondarma “DQR”in “xarici işlər naziri” kimi qələmə verən David Babayanla görüşməsinə toxunan Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, münaqişədən sonra bölgədə yaranmış yeni reallıqları nəzərə almayan Aİ nümayəndəsinin kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız ümidlər verən addımlar atması yolverilməzdir. Bu hərəkət sağlam düşüncəyə və beynəlxalq hüquqa uyğun gəlmir.

Azər Kərimli Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində ciddi problemlə üzləşdiyini və indiyədək bu məsələdə ölkəmizə yalnız Türkiyə və Rusiyanın kömək etdiyini qeyd edib.

Müzakirələr zamanı Milli Məclisin deputatları Avronest PA üzvlərinin nəzərinə onu da çatdırıblar ki, bu gün Azərbaycan ictimai həyatın bütün sahələrində ciddi irəliləyişlərə imza atır, Dünya Bankının “Doing Business 2019” hesabatına görə, ölkəmiz dünyanın ən çox islahatlar aparan ölkələrindən biridir. Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı cəmiyyətdə müasir dövrün tələblərinə cavab verən ədalətli mühakimənin formalaşması prosesini sürətləndirib, şəffaflığı, keyfiyyəti və səmərəliliyi artırıb.

Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin iclasında gündəlikdəki məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub.

X X X

Həmin gün Avronest Parlament Assambleyasının İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq komitəsinin də onlayn iclası keçirilib. İclasda Milli Məclisin deputatları Vüqar Bayramov və Nurlan Həsənov iştirak ediblər.

İclasın gündəliyi təsdiq edildikdən sonra Avronest PA-nın İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq komitəsinin 2019-cu il dekabrın 8-də Tbilisidə keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra “Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrinin təhsil və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqəsi” mövzusunda məruzənin təqdimatı olub. İclasda koronavirus pandemiyasının sosial-iqtisadi təsirləri, həmçinin “Şərq tərəfdaşlığı” ölkələrinin COVID-19 pandemiyasından sonra dirçəlməsi üçün Avropa İttifaqının mümkün yardımları barədə fikir mübadiləsi aparılıb. İclas iştirakçıları komitənin 2021-2022-ci illər üzrə fəaliyyət planını da təsdiq ediblər.

Bununla da komitənin iclası başa çatıb.