• 8 Dekabr 2024
logo
Deputat: “Məhdudiyyətlərin yumşaldılmasının, maskadan istifadənin ləğv olunmasının yeganə yolu vaksinasiyadır”

Deputat: “Məhdudiyyətlərin yumşaldılmasının, maskadan istifadənin ləğv olunmasının yeganə yolu vaksinasiyadır”

“Azərbaycanda açıq havada, küçədə maskalardan istifadənin ləğv olunması barədə qərar ancaq TƏBİB, Operativ Qərargahın rəyi və ekspertlər tərəfindən aparılmış çox dərin və hərtərəfli təhlilin nəticələri əsasında verilə bilər. Bu isə əhalinin mütləq əksəriyyətinin vaksinasiya olunması bitdikdən sonra mümkündür”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, Azərbaycanda yeni növ koronavirusa (COVİD-19) qarşı mübarizədə maska, məsafə və gigiyenik təmizlik bu gün də aktuallığını qorumaqdadır: “Sosial şəbəkələrdə Azərbaycanda küçədə məcburi maska taxılması haqda qaydanın ləğv edilməsi istəyi ilə çıxış edən bəzi insanlara rast gəlinir. Bu insanlar İsraildə küçədə məcburi maska taxılması haqda qaydanın ləğv edilməsini əsas gətirməyə çalışırlar. Ancaq bu zaman bir məqama diqqət yetirilmir. Nəzərə alınmalıdır ki, İsrail əhalinin vaksinasiyasına görə dünyada liderdir. İsrail əhalisinin 52 faizi tam vaksin olunub, ilk dozanı alanlar isə 57 faizə çatır. Bundan başqa, son məlumata görə, İsraildə koronavirusa gündəlik yoluxma minimuma enib, bəzən isə gündəlik koronavirusa yoluxma qeydə alınmır”.
M. İbrahimqızı nəzərə çatdırıb ki, İsrail koronavirusla mübarizədə ən sərt məhdudiyyətlər tətbiq edən ölkələrdən olub: “Eyni zamanda bu ölkədə vaksinasiya sürətlə aparılıb. Məhz bunun nəticəsində İsraildə virusla mübarizədə bu uğurları əldə etmək mümkün olub. Hər kəs anlamalıdır ki, virusla mübarizənin, məhdudiyyətlərin yumşaldılmasının, eyni zamanda maskadan istifadənin ləğv olunmasının yeganə yolu vaksinasiyadır. Əhali vaksinasiya prosesinə daha aktiv qoşulmalıdır. Maskaları ləğv etmək çağırışlarındansa, əhalini vaksinasiyaya cəlb olunması üçün çağırışlar vacibdir”.

Millət vəkili Azərbaycana vaksin gətirilməsi və əhalinin vaksinasiyası prosesinin sürətlə davam etdirildiyini nəzərə çatdırıb: “Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində imzalanmış razılaşmalar çərçivəsində bu gün Azərbaycan digər mənbələrdən vaksin almağa nail olan, vaksin çatışmazlığı problemi üzləşməyən və əhalisinin vaksinasiyası prosesini sürətlə aparan ölkələr sırasındadır. Yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib və bu proses sürətlə davam etdirilir. Aprel ayının 1-dək Azərbaycana COVID-19 əleyhinə 1 milyon 447 min 720 doza vaksin gətirilib. Aprel ayında ümumilikdə isə ölkəyə daha 1 milyon 247 min doza vaksinin gətirilməsi nəzərdə tutulub. Avqust ayına qədər isə 16 milyon 150 min doza vaksinin gətirilməsi gözlənilir. Ümumilikdə 8 milyon insanın peyvəndlənməsi üçün razılaşmalar imzalanıb. Yəni 18 yaşdan yuxarı şəxsləri vaksinlə təmin edə biləcəyik. Bu, epidemiyanı sona çatdırmaq üçün əhəmiyyətli rəqəmdir. Azərbaycan əhalisinin ümumilikdə 60-70 faizinə peyvənd vurulması nəzərdə tutulub. Biz ilk öncə bu hədəfə nail olmalıyıq. Bu gün əsas çağırış da əhalinin vaksinasiya prosesində aktiv iştirakı ilə bağlı olmalıdır. Ortada İsrail nümunəsi var. Nə qədər çox insan vaksinasiya olunarsa, məhdudiyyətlər, o cümlədən maskalardan istifadə barədə qərarın ləğvi də o qədər tez mümkün olar. Ona görə də çağırışları daha çox vaksinasiyanın vacibliyi istiqamətində etmək lazımdır”.