• 29 Mart 2024
logo
"Vətəndaşlarımızı təhlükədən maksimum qorumalıyıq"

"Vətəndaşlarımızı təhlükədən maksimum qorumalıyıq"

"Pandemiya ilə mübarizə təkcə Azərbaycanda deyil, dünyada qlobal problemdir. Ona görə biz də bunu nəzərə almalıyıq, vətəndaşlarımızı təhlükədən maksimum qorumalıyıq, ehtiyatlı addımlar atmalıyıq. Xüsusən də müqəddəs dini günlərdə".

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, Orucluq ayında kütləvi formada dini ayinlərin keçirilməsi virusa yoluxma və ölüm sayını sürətləndirə bilər: "Bütün dünyanın müsəlman ölkələrində mövcud vəziyyət tələb edir ki, özümüzü qorumalıyıq. Məsələn, pandemiya son Ramazan ayında Misir də daxil olmaqla, bir çox ölkədə məscidlər ibadətçilər üçün bağlanmasına səbəb olub.

Bəzi ölkələrin yeni məhdudiyyətlər tətbiq etməsinə baxmayaraq, icma mərasimlərinin vurusin yayılmasını artıracağına dair narahatlıqlar yüksək olaraq qalır.

Pakistanı götürək, xarici medianın yazdığına görə keçən il ayın əvvəlində gündəlik yoluxma halları 800-dən az olub. Ramazan sona çatdıqdan bir neçə həftə sonra gündə 6000-dən çox yeni yoluxma faktı qeydə alınıb. Rəsmilər bu artımı daha çox pakistanlıların məhdudiyyətlər tətbiq etməməsi ilə əlaqələndirir.

İranda isə aprelin 10-da yeni ili olan Novruz üçün iki həftəlik tətildən sonra infeksiyaların kəskin artması fonunda 10 günlük qapanma elan edib. Səudiyyə Ərəbistanı da Ramazanda böyük toplantıların qarşısını almaq üçün məscidlərdə iftar və sahur yeməyini qadağan edib.

Hindistanda yeni infeksiyaların əvvəlki zirvələri aşdığı bir vaxt müsəlman liderlər könüllülərdən ehtiyac içərisində olan yaşlılara xidmət göstərərkən məhdudiyyətlərə ciddi şəkildə riayət etmələrini və geniş toplantılardan çəkinmələrini xahiş edib.
Digər müsəlman ölkələri də pandemiya dövründə həm ötən, həm də bu il Ramazan ayında maksimum dərəcədə ehtiyatlı davranırlar. Biz də vətəndaşlarımızın təhlükəsizliyini təmin etməliyik, bunun üçün hər birimiz hökumətin qayda və tədbirlərinə riayət etməliyik".

Politoloq bildirib ki, son günlər ölkədə yoluxma və ölüm sayının artması vətəndaşlarımızın məsuliyyətsizliyinin nəticəsidir: "Daha təsirli tədbirlərə ehtiyac ola bilər. Özümüzü qorumalıyıq, kütləvi tədbirlərdən uzaq durmalıyıq, maskadan istifadə etməliyik, sosial məsafəni saxlamalıyıq, vaksinasiya olunmalıyıq".
Cavid