• 19 Aprel 2024
logo
Deputat: “Prezident ADA-dakı konfransda Cənubi Qafqazda təhlükəsizliyin əsas elementlərini dəqiq şəkildə ifadə etdi”

Deputat: “Prezident ADA-dakı konfransda Cənubi Qafqazda təhlükəsizliyin əsas elementlərini dəqiq şəkildə ifadə etdi”

"Vətən müharibəsi həm də onu göstərdi ki, danışıqların davam etdiyi 30 ilə yaxın müddət ərzində Ermənistan heç vaxt işğal etdiyi torpaqları sülh yolu ilə qaytarmaq niyyətində olmayıb. Müharibənin gedişi, işğaldan azad olunmuş ərazilərdəki mənzərə bunu tam əminliklə söyləməyə əsas verir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib. O, Ermənistanda bu gün də bəzi siyasi dairələrin revanşist çağırışlarla çıxış etdiklərinə diqqəti çəkərək bildirib ki, müharibənin nəticələri bütün regionda yeni şərtlər yaradıb. Ermənistan bu yeni şərtlərin diktə etdiyi reallıqlarla barışmalıdır.

Soltan Məmmədov Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı yeni dövrdə Cənubi Qafqazda formalaşmış təhlükəsizlik formatının əsas elementlərini dəqiq şəkildə ifadə etdiyini vurğulayıb: “Prezident bir daha qeyd etdi ki, Azərbaycan regionda davamlı və daimi sülhün yaradılmasında maraqlıdır. Kommunikasiyaların açılması, qarşılıqlı dialoq üçün etimadın formalaşması Cənubi Qafqazın tarixində yeni inkişaf mərhələsinin vacib şərtlərindəndir. Nüfuzlu beynəlxalq ekspertlər, siyasi prosesləri, münaqişələri təhlil edən beyin mərkəzləri birmənalı şəkildə bildirirlər ki, yeni müharibənin baş verməsi real görünmür, çünki Ermənistanın müharibə aparmağa gücü yoxdur, Azərbaycan isə bunda maraqlı deyil. Bu baxımdan, Ermənistanın siyasi elitası daha çox mövcud şərtlər daxilində gələcəyə baxmalıdır, keçmişə ilişib qalmaq bu ölkəni daha böyük fəlakətlərə sürükləyə bilər”.

Milli Məclisin deputatı qeyd edib ki, sülhün və sabitliyin təmin olunması üçün ən vacib vəzifələrdən biri qarşılıqlı etimad mühitinin yaradılmasından ibarətdir. Lakin Ermənistanda səslənən bəyanatlar belə bir etimadın formalaşmasına xidmət etmir: “Azərbaycan bütün kommunikasiyaların açılmasını, sülh sazişinin imzalanmasını, iqtisadi əlaqələrin qurulmasını təklif edir. Bu, nəinki Azərbaycan və Ermənistanın, regionun digər ölkələrinin, eyni zamanda bu bölgədə müəyyən rolu olan böyük dövlətlərin də maraqlarına cavab verir. Əlbəttə ki, müharibənin izlərini qısa müddətdə silmək çox çətindir. İşğaldan azad olunmuş ərazilərin acınacaqlı durumu, Ermənistanın həyata keçirdiyi hərbi cinayətlərin faciəli nəticələri çox ağır mənəvi-psixoloji mühit yaradıb. Çətin olacaq, ancaq mümkündür, sadəcə Ermənistan yeni situasiyanı, real imkanları, qüvvələr nisbətini düzgün qiymətləndirməlidir”.