• 3 Dekabr 2021
logo
30 il boyunca faydalı iş görməyən Minsk qrupunun indi məsləhət vermək haqqı yoxdur - Deputat

30 il boyunca faydalı iş görməyən Minsk qrupunun indi məsləhət vermək haqqı yoxdur - Deputat

ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyənatı həqiqətən anlaşılan deyil. İlk növbədə, ona görə ki, danışıqlar üçün predmet yoxdur. Yəni, münaqişə bitib, BMT-nin müvafiq qətnamələri icra olunub, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, ikinci səbəb budur ki, Ermənistan hazırda öz dərdinə çarə axtarır, ölkədə xaosdur, Paşinyan hələ daxildəki məsələləri həll eləsin, sonra başqa şeylər haqda düşünər: “Üçüncü səbəb isə budur: İndiyə qədər Minsk Qrupu əlini ağdan-qaraya vurmayıb, 30 il boyunca bir faydalı iş görməyib. Ona görə indi də söz demək, istiqamət, məsləhət vermək haqqına sahib deyil.

Eyni zamanda, digər məsələyə toxunmaq istəyirəm. Minsk Qrupunun tərkibində heç zaman xüsusi nüfuzlu diplomatlar təmsil olunmayıb. Hətta eyniadlı mövzu ilə bağlı amerikalı keçmiş həmsədr Hoqland bir etirafda da bulunmuşdu:“Diplomatlar bu vəzifədə adətən daha yüksək vəzifəyə gedənədək vaxt keçirirlər”. Elə sadəcə bu cümlə və etiraf yetərlidir ki, Minsk Qrupunun əsl mahiyyəti açılsın və onların fəaliyyətinə qiymət verilsin.

Yaxşı, bəs, məqsəd nədir? Niyə belə bir bəyənat ərsəyə gəldi? Niyə Minsk Qrupu yenidən aktivləşdi? Ona görə ki, bekar qalıblar. Ona görə ki, münaqişənin həll olunması deyil, məhz olunmaması onların marağındadır. Ona görə ki, səfərə getməyə, zaman keçirməyə ölkə axtarırlar. Ona görə ki, Qarabağ mövzusu onlar üçün hər zaman alət olub. Ona görə ki, 30 illik bacarıqsızlıqlarını bir şəkildə unutdurmaq istəyirlər. İmitasiya artıq onlar üçün bir tərzə, ənənəyə çevrilib.

Son bəyənatı qəti şəkildə pisləyirəm və hesab edirəm ki, ATƏT-in Minsk Qrupu bundan sonra heç bir halda Qarabağ mövzusu haqda danışmamalıdır. Niyə? Çünki münaqişə bitib. Söhbətə nöqtə qoyulub. Müzakirə ediləsi heç nə qalmayıb. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycanındır və bundan sonra da daim, əbədi belə olacaq”.