• 24 Aprel 2024
logo
Xalqa, vətəndaşa, əsgərə qayğı

Xalqa, vətəndaşa, əsgərə qayğı

Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı Azərbaycan dövlətinin piroritet vəzifəsidir

44 günlük müharibə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusunun tam qələbəsi ilə başa çatdı. Bu müharibə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı, dünya hərb tarixində isə yeni səhifə açdı. Torpaqlarımız düşmən tapdağından azad oldu, haqq - ədalət bərpa edildi. Artıq işğaldan azad olunmuş torpaqlarda abadlıq işləriniə başlanılıb. Amma çox təssüf ki, müharibələr qurbansız olmur.

Ona görə də müharibədən sonra fəsadları aradan qaldırmaqla yanaşı zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hər tərəfli qayğı dövlətin ən əsas vəzifələrindəndir. Bu istiqamətdə də dövlət tərəfindən təsis edilmiş müxtəlif təyinatlı fondlar, həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar zamanı əlil olmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verir. Artıq Fond tərəfindən bu sahədə kifayət qədər tədbirlər həyata keçirilib və keçirilməkdədir. Fond yaradılmasında əsas məqsəd Respublikamızın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsini təmin etməkdir.

Toplanmış vəsaiti Fond tərəfindən şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilir.

Bu məqsədlə Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə dəstək məqsədilə “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları üzrə formalaşdırılmış və müvafiq təlimlərə cəlb edilmiş 69 qrup həmin insanların ünvanlarına baş çəkir, problemləri ilə maraqlanırlar.

Biz həm 2016-cı ildə Aprel döyüşləri zamanı, həm də 44 günlük Vətən müharibəsi zamanı cəmiyyətimizdə milli birliyin şahidi olduq. Böyük humanitar missiyanı özündə ehtiva edən “YAŞAT” Fondu da bu birliyin və həmrəyliyin təcəssümüdür. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Dövlətin əsas sosial siyasətlərindən biri də qazi və şəhid ailələrinə yardımların göstərilməsidir. Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri: məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi və s.

Şəffaf fəaliyyət isə dövlətə ictimai etibarın göstəricisidir. Belə ki, Fonda daxil olan vəsait ilə barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunur, ətraflı məlumatlar verilir. İndiyədək fondda 24 804 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.

“YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub.

Dövlət tərəfindən yaradılmış digər bir fond isə Qarabağ Dirçəliş Fondudur.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu 30 ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biridir.

Həmvətənlərimiz bu Fonda da böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri, yaxında iştirak etmələri milli-mənəvi birliyimizi möhkəmləndirilməsinə xidmət edəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Əlbəttə Fondun hesabına vəsait köçürənlər bərpada paylarının olması ilə fəxr edəcəklər.

Bu Fondun təsis edilməsi eləcə də ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının əhəmiyyətinin təcəssümüdür. Qarabağ Dirçəliş Fondu publik hüquqi şəxs olaraq Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirilməsinə xidmət edəcək.

Dövlət başçısı, Ali Baş Komanda cənab İlham Əliyevin dediyi kimi bu 30 il müddətində işğal altında saxlanılaraq viran qoyulan, artıq düşmən tapdağı altından azad olmuş bütün ərazilərimiz az bir zamanda, lakin mərkəzləşmiş, planlı şəkildə bərpa ediləcək. Dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun fəaliyyəti sayəsində ərazilərimiz mərkəzləşdirilmiş qaydada tamamilə yenidən qurulacaq, infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına da töhfə verəcək.

Həmişə torpaq iddiasında olan Ermənistan respublikası bu müddət ərzində mülki əhaliyə də inanlmaz ziyan vurmiş, soyqırımlar törətmişdir. Növbəti belə vəhşilik və vandallıq isə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə qarş həyata keçirildi. Bununla əlaqədar dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görülməsi məqsədilə Dövlət Komissiyası yaradılıb və bu yöndə işlər davamlı şəkildə həyata keçirilir.

Cənab Prezidentin dediyi kimi zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət maliyyə yardımları göstərəcəkdir. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000 (bir min) manat məbləğində yardım göstəriləcəkdir.

Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmışdır. Bu da ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımdır. Bu dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.

Cənab Prezident vətəndaş məmunluğunu, insanların müraciətlərinə baxılması zamanı həssaslıqla yanaşmanı həmişə diqqət mərkəzində saxlamışdır. Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb. Verilən məlumata görə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən 100-dən artıq müraciətə baxılıb, onların böyük hissəsi yerində həll olunub, digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülüb. Komissiyanın fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması prosesində media nümayəndələri də iştirak edib.

Ölkə başçısı öz çıxışlarında bildirib ki, Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunacaq və olunmaqdadır. Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə xüsusi Komissiya yaradılmışdır.

Eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli məqsədilə yaradılmış xüsusi komissiyaya Komissiyaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi daxildir.

Digər bir komissiya döyüşlərdə iştirak etmiş hərbçilərə psixoloji yardım göstərilməsi məqsədi lə yaradılıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılıb. Komissiyaya Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi daxildir.

Dövlət hər zaman vətəndaşının yanındadır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti bu siyasəti daima həyata keçirilir. Bu Tarixi qələbə də unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin etmişlər.

Hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.

Şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunmuşdur;

İntensiv hərbi əməliyyatların başlanmasının ilk günlərindən Mərkəzi Bank şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara (və ya onların vərəsələrinə) sığorta ödənişlərinin operativ ödənilməsinin təmin olunması məqsədilə müvafiq dövlət qurumları - Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə birgə fəaliyətə başlamışdır.

Sosial xidmətləri həyata keçirən təşkilatlarda mövcu durum nəzərə alınaraq əlavə tədbirlər həyata keçirilmişdir. Belə ki, imtiyazli qruplara daxil olan Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı səbəbindən AzSığorta şirkətinin daxili idarəetmə potensialı artırılmış, şirkətin daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılmış, təkrarlanan əməliyyatlar avtomatlaşdırılmışdır. Vətəndaşların fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər təşkil edilmiş, zənglərin qəbulu üçün telefoniya sistemi qurulmuşdur. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilmişdir. AzSığorta tərəfindən bu günə qədər 1053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4119 nəfər hərbçimizə 18 109 850 manat ödəniş edilib.

Həyata keçirilən bütün bu tədbirlər Azərbaycan Respublikasının Prezidentinin öz xalqına, öz vətəndaşına və öz əsgərinə dövlət qayğısının bariz nümunəsidir.

Anar Məmmədov

Xətai RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri