• 12 Noyabr 2024
logo
Prezident İlham Əliyev: Ermənistanda hökumət, müxalifət erməni xalqına həqiqəti söyləməlidirlər

Prezident İlham Əliyev: Ermənistanda hökumət, müxalifət erməni xalqına həqiqəti söyləməlidirlər

Ermənistanda hökumət, müxalifət özlərində cəsarət tapmalı, erməni xalqına həqiqəti söyləməlidirlər.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayzənin sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

"Biz münaqişədən sonrakı inkişafdan danışırıq və gələcək barışığa apara biləcək müəyyən elementlər üzərində diqqətimizi cəmləşdirməliyik. Lakin Ermənistanda o qədər uzun müddət dövründə Azərbaycana qarşı demonizasiya siyasəti, uydurmalar, azərbaycanlıları düşmən, Azərbaycanın isə sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq. Yalnız müharibə zamanı deyil, biz müharibədən sonrada da eyni davranış nümayiş etdirdik. Biz 1500-dən çox erməni əsgərinin cəsədlərini Ermənistana təhvil vermişik. Biz Rusiya sülhməramlıları ilə birlikdə axtarış əməliyyatlarında iştirak edirik. Onu da deməliyəm ki, Birinci Qarabağ müharibəsində bizim 4 min hərbçimiz itkin düşüb və bir cəsəd belə bizə qaytarılmayıb. Budur, aramızda olan fərq. Biz dəmir yolumuz vasitəsilə Rusiya sülhməramlı qüvvələrinə maneəsiz nəqliyyat və logistika dəstəyini təmin edirik. Onlar dəmir yolu vasitəsilə yüklərini Bərdəyə daşıyır. Bu yüklərin hava yolu ilə İrəvana, oradan isə 5-6 saat avtomaşınlarla Laçın dəhlizindən daşınmasından daha tez və ucuz başa gəlir. Mən digər çoxsaylı nümunələr sadalaya bilərəm. Biz Rusiya ərazisində təmir işlərinin aparılması ilə əlaqədar “Qazprom” şirkətinə Azərbaycan üzərindən Ermənistana təbii qazın nəqlinə icazə vermişik. Biz yox da deyə bilərdik, ancaq biz buna icazə verdik. Bu da bir göstəricidir, bir jestdir. Biz Zəngilan və Qubadlı rayonlarının ərazisində ermənilərə 21 kilometr uzunluğunda yolumuzdan istifadə etməyə icazə veririk. Həmin yol Azərbaycan ərazisindədir və əvvəllər ermənilər tərəfindən istifadə edilib. Biz buna mane olmadıq, ancaq müharibə dövründə işğal altında saxladıqları ərazilərdə bizə bir metr irəli hərəkət etməyə icazə verirdilərmi? Xeyr. Yəni, bütün bunlar birtərəfli qaydada atılmış addımlardır. Bu, təkcə jest deyil, bu, müharibə səhifəsini çevirməklə bağlı düşünülmüş siyasətdir. Giriş nitqimdə ermənilərin bizə qarşı törətdiklərini heç vaxt unutmayacağımızı qeyd etməklə yanaşı, bildirmək istəyirəm ki, biz gələcəyə baxmalıyıq. Hesab edirəm ki, burada biz Ermənistanın vətəndaş cəmiyyətinin daha fəal olmasını gözləyirik. Çünki bu gün Ermənistanda nə hökumət, nə də müxalifət Azərbaycan haqqında nəinki müsbət, heç neytral fikir söyləmək iqtidarında deyil. Bu Azərbaycanofobiya konsepti, onilliklər ərzində azərbaycanlılara qarşı nifrətin aşılanması, əslində, erməniləri hüquqlarından məhrum edib. Ancaq hesab edirəm ki, onlar özlərində cəsarət tapmalı, erməni xalqına həqiqəti söyləməlidirlər. Müharibə artıq tarixdə qalıb, münaqişə həll edilib və biz gələcəyə baxmalıyıq".