• 20 Aprel 2024
logo
“Vaksinləşmə ilə bağlı təbliğat işləri yetərli deyil”

“Vaksinləşmə ilə bağlı təbliğat işləri yetərli deyil”

Qüdrət Həsənquliyev: “Televiziyalarda sosial çarxlar yayımlanmalıdır”

“Qarşıdan Ramazan ayı gəlir. Bizim dinimizin nəcib xüsusiyyətlərindən biri də xeyriyyəçilikdir. Hesab edirəm ki, Ramazan günlərində hər bir tanınmış şəxs – hansı ki, ixtisasından asılı olmayaraq Azərbaycan xalqı qarşısında böyük məsuliyyəti var - xeyriyyəçiliyi təbliğ etməlidir”.
Bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib: “Təklif edirəm ki, “YAŞAT” Fonduna növbəti dəfə az, yaxud çox olmasından asılı olamyaraq vəsait köçürək. Bu fondun fəaliyyətini çox yüksək qiymətləndirirəm. Onlar qazilərin, şəhid ailələrinin müalicəsi üçün çox böyük işlər görürlər. Onların həqiqətən də maliyyə vəsaitinə ehtiyacları var. Bu yaxınlarda bir neçə millət vəkili, o cümlədən mən birlikdə bir qazimizin böyrək köçürülməsinin xərclərinin ödənilməsi ilə bağlı müraciət etmişdik. Mən xüsusilə qeyd etmək istəyirəm ki, Ülvi Mehdiyevin təşəbbüsü ilə ASAN xidmətin kollektivi o xərcləri öz üzərinə götürdü. Həmin gəncimizə, əsgərimizə, zabitimizə yenidən həyat bəxş etdilər. Ona görə də, düşünürəm ki, bu iş davam etdirilməlidir. Buradan din xadimlərinə də müraciət etməliyik. Din xadimləri də Ramazan ayında xeyriyyəçiliyi daha çoxtəbliğ etməlidirlər”.

Millət vəkili həmçinin əlavə edib ki, son vaxtlar COVİD-ə görə ölüm sayları hər gün artır: “Pandemiya gündən-günə genişlənir. Çox təəssüf ki, bu, dünya miqyasında belədir. Amma görürük ki, vaksinləşmə sürətlə getmir. Hesab edirəm ki, vaksinləşmə məsələsinə diqqət etməliyik. Əgər vaksin ehtiyatımız varsa, sözsüz ki, bu nəzərə alınmalıdır. Əlbəttə, indi dünyada vaksinlərlə bağlı ciddi mübarizə gedir. Çox müsbət və qürurverici haldır ki, Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir. Çalışır ki, kasıb ölkələr də vaksinlə təmin olunsun. Bu istiqamətdə xeyli təşəbbüs göstərib.
Televiziyalarda sosial çarxlar yayımlanmalıdır. Buna çox böyük ehtiyac var. Hesab edirəm ki, vaksinləşmə ilə bağlı təbliğat işləri yetərli deyil. Bu istiqamətə xüsusi diqqət göstərməyimiz lazımdır.

Bir də parlament tribunasından Mərkəzi Gömrük Hospitalının əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm. Bu yaxınlarda mənim ailə üzvlərimdən biri də orada müalicə olundu...”.

Əli Zülfüqaroğlu