• 9 Dekabr 2024
logo
Əmirbəyov: “Beynəlxalq konfransın əsas məqsədi Azərbaycan həqiqətlərini xarici ölkələrə çatdırmaqdır”

Əmirbəyov: “Beynəlxalq konfransın əsas məqsədi Azərbaycan həqiqətlərini xarici ölkələrə çatdırmaqdır”

“Beynəlxalq konfrans bir neçə gün davam elədi, bu gün isə ən vacib gün oldu, çünki cənab Prezident çıxışı etdi”.

Bunu APA- ya açıqlamasında Azərbaycanın Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.

O bildirib ki, Prezident İlham Əliyev 3 saat ərzində Ermənistan və Azərbaycan arasında baş tutmuş münaqişə, bugünkü vəziyyət, ümumiyyətlə Cənubi Qafqazda sülhün bərqərar olunması baxımından fikirlərini bölüşüb: “Prezident konfransda iştirak edən və 15 ölkəni təmsil edən müxtəlif beyin mərkəzləri və politoloqların suallarını cavablandırdı. Sözsüz ki, bu, çox əhəmiyyətli tədbirdir. Fikir mübadiləsi zamanı cənab Prezident tərəfindən verilən məlumatlar iştirakçılar tərəfindən nəzərə alındı və onların hər biri işlədiyi beyin mərkəzləri çərçivəsində öz ölkələrinin ictimaiyyətinə məlumatlar çatdıracaq. Tədbirin əsas məqsədi Azərbaycanın həqiqətlərini xarici ölkələrə çatdırmaqdan ibarətdir. Bu bizə qarşı hələ də davam edən, Ermənistan tərəfindən aparılan çirkin dezinformasiya kampaniyasına cavabımızdır”.

Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli İşçi Qrupun fəaliyyəti ilə bağlı bildirib ki, qrup artıq bir neçə aydır fəaliyyət göstərir, qrup çərçivəsində artıq bir neçə görüş baş tutub: “Reallıq ondan ibarətdir ki, bir sıra məsələlər istədiyimiz sürətlə getməyə bilər. Amma eyni zamanda tərəqqi göz qabağındadır. Ona görə, əsas odur ki, hər üç ölkə bunun vacibliyini nəzərə alaraq, bu görüşlərin davam etdirilməsinə sadiq olsun. Hər görüş yeni bir nəticədir”.