• 3 Dekabr 2021
logo
Azərbaycan-Türkiyə media platforması Türk dövlətlərinin media platforması üçün əsas götürülə bilər

Azərbaycan-Türkiyə media platforması Türk dövlətlərinin media platforması üçün əsas götürülə bilər

Azərbaycan-Türkiyə media platformasının yaradılması və platformanın dövlətlərarası hüququ bazasının formalaşdırılması istiqamətində qəbul edilən müvafiq qərarlardan sonra, türk dövlətlərinin media sahəsində əməkdaşlığının gündəmə gətirilməsi və bu sahədə ilkin razılaşmaların əldə olunması olduqca mühüm bir hadisədir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, Azərbaycan-Türkiyə media platformasının hüquqi əsasları Türk Dövlətlərinin Media Platforması üçün də nümunəvi əsas kimi götürülə və inkişaf etdirilə bilər:

“Çox sevindirici haldır ki, Azərbaycan Türk dövlətləri arasındakı münasibətlərin inkişafı, ortaq dil, mədəniyyət, tarix və digər ortaq dəyərlər üzərindən hərəkət etməklə bütün prioritet istiqamətlər üzrə əlaqələrin genişləndirilməsinə can atır və bu prosesdə tarixin bütün dönəmlərində olduğu kimi ideya və təşəbbüs mərkəzi funksiyasını yerinə yetirir, körpü rolunu oynayır. Türk Dünyasının böyük oğlu İsmayıl bəy Qaspıralının "dildə, düşüncədə və işdə birlik” şüarı bu gün Azərbaycan və Türkiyənin təşəbbüsləri, digər qardaş dövlətlərin iştirakı və dəstəyi ilə reallığa çevrilməkdədir.

Vaxtilə Azərbaycan ziyalılarının böyük dəstəyi ilə işıq üzü görən və 1883-cü ildən 1903-cü ilədək türk xalqlarının dildə və düşüncədə birliyi üçün çalışan “Tərcüman” qəzetinin həyata keçirdiyi missiyanın bu gün müasir informasiya və kommunikasiya texnologiyaları da nəzərə alınmaqla, daha geniş və əhatəli anlamda davam etdirilməsinə böyük ehtiyac var. Bu baxımdan, Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin Bakıda keçirilən toplantısı, 1926-cı ildə və yenə də Bakıda keçirilən Birinci Türkoloji Qurultay qədər əhəmiyyətlidir”.

E.Mirzəbəyli vurğulayıb ki, bu gün informasiya təhlükəsizliyi məsələsi dünyanın bütün ölkələri üçün həyati əhəmiyyət kəsb edir:

“İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı, sərhəd tanımayan yeni media və sosial şəbəkələrin həyatımızda oynadığı rol öz mədəniyyətini, identikliyini qorumaq istəyən bütün xalqları olduqca ciddi çağırışlar qarşısında qoyub. Belə bir zaman kəsiyində yeganə doğru seçim bir-birini assimilyasiyaya uğratmayacaq, ortaq dil və mədəniyyət üzərindən yola çıxacaq, rəqabətədavamlı media və sosial media platformalarının yaradılması və inkişaf etdirilməsidir. Türk xalqları qlobal assimilyasiya prosesinin, təxribat xarakterli, dağıdıcı informasiya axınının qarşısında yalnız birlikdə dayana, öz identikliklərini qoruya bilərlər.

Bu gün dünyada müstəqil hüququn subyekti olan türk dövlətləri türk xalqlarının əldə etdikləri ən böyük tarixi nailiyyətdir. Azərbaycanın öz ərazilərini Ermənistanın işğalçı qüvvələrindən təmizləməsi, müzəffər Ordumuzun əldə etdiyi tarixi Zəfər, bu qələbənin əldə olunmasında qardaş Türkiyənin ölkəmizə verdiyi mənəvi və siyasi dəstək, Türk Şurasının nümayiş etdirdiyi prinsipial mövqe Türk xalqlarının və dövlətlərinin birliyi, həmrəyliyi üçün yeni bir pəncərə açıb, bu birliyin perspektivinə olan inamı daha da artırıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında qardaş türk dövlətlərinin iştirakı isə birliyimizə yeni rəng qatacaq, qurub qaratmaq potensialımızı bütün dünyaya nümayiş etdirəcək.

Türk dövlətləri bü gün tarixi bir mərhələnin qarşısındadırlar. Türkdilli Xalqların Əməkdaşlıq Şurasının beynəlxalq təşkilata çevrilməsi istiqamətində atılan qətiyyətli addımlar, sabir və dayanıqlı inkişafımız, təhlükəsizliyimiz üçün geniş imkanlar yaradır. Türk dövlətlərinin vahid media platformasının yaradılmasına xidmət edən təşəbbüslər, bu istiqamətdə həyata keçirilən tədbirlər bu prosesin ən önəmli və fundamental əhəmiyyət kəsb edən hissəsidir.

Ortaq dəyərlərimiz bizə çox böyük imkanlar tanıyır və bu imkanların ortaq media, ortaq təhsil, ortaq mədəniyyət, ortaq elm platformaları üzərindən inkişaf etdirililməsi, təkcə türk dövlətləri üçün deyil, dünyada yaşayan bütün türklər üçün fərd olaraq öz yaradıcılıq potensiallarını, işgüzar bacarıqlarını nəhəng bir coğrafiyada təqdim etmək üçün əlverişli zəmin yaradır. Hesab edirəm ki, Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin Bakıda keçirilən toplantısı ayrı-ayrılıqda bütün türk dövlətlərinin, o cümlədən Azərbaycan mediasının inkişafına öz töhfəsini verəcək”.