Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, spiker Misirin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayıb.
O, ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini bildirərək, tərəflər arasında imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib.
İki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın əhəmiyyətini bildirən Sahibə Qafarova deyib ki, Milli Məclisdə Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Görüşdə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük qələbə haqqında da məlumat verilib.
Ölkəmiz üçün yeni mərhələnin başlandığını diqqətə çatdıran Sahibə Qafarova vurğulayıb ki, hazırda qarşıda duran əsas məqsədlərdən biri azad olunmuş ərazilərimizin ən yüksək səviyyədə yenidən qurulması, şəhər və rayonlarımızın bərpa olunmasıdır.
Görüşdə qeyd olunub ki, ermənilər 30 il ərzində işğal etdikləri Azərbaycan torpaqlarında böyük dağıntılar, vandalizm aktları törədib, şəhərləri, evləri, kəndləri, tarixi, mədəni və dini abidələri, bütün infrastrukturu tamamilə dağıdıb, talan edib. Ermənistan həmçinin həmin əraziləri minalayıb və bu gün bütün çağırışlara baxmayaraq, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda davam edir, minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bunun nəticəsi olaraq, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Sahibə Qafarova həmin xəritələrin Azərbaycan tərəfinə verilməməsinin hərbi cinayət olduğunu vurğulayıb.
Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ölkəmizdə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər qazandığını və inkişaf etdiyini vurğulayaraq hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdiyini bildirib.
Səfir iki ölkənin parlamentləri arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.